“Şəhid ailəsi ilə bağlı güzəştlər Səbuhinin qardaşına da tətbiq edilməlidir” – Razi Nurullayev

 20:34 30.09.2022     528

Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona təklif etdi bir otaqlı mənzildən imtina edib. O, qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib.

Nazirliyin şəhid qardaşına bu cür yanaşması sosial şəbəkə istifadəçiləri arasında böyük rezonans doğurub.

Çox sayda istifadəçi bir müddət öncə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü oğlunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil ilə təmin olunmasını xatırladaraq, şəhid ailəsinə qarşı etinasız yanaşmanı qınayıb.   

Bu barədə Redaktor.az-a münasibət bildirən Milli Məclisin deputatı Razi Nurullayev dedi ki, qanunla Sənan şəhid ailəsi hesab edilməsə də, bu məsələ müsbət şəkildə həll olunmalıdır.

“İnanmıram ki, kimlərsə bu məsələnin həll olunmasında maraqlı olmasın. Çünki şəhid Səbuhinin qardaşından başqa kimsəsi yoxdur. Bir qardaşı var, onun da hüquqları tanınmalı, şəhid ailəsi statusu verilməlidir və şəhid ailəsi ilə bağlı güzəştlər ona da təqdim edilməlidir. Çünki onun heç kimi yoxdur. İnanıram ki, dövlət bu məsələnin həllində maraqlı olacaq”.

Deputat eyni zamanda ailəli şəhid qardaşının 1 otaqlı ev ilə təmin olunmasına da etiraz etdi: 

“Bir otaqlı ev ailəli şəxs üçün məqbul sayıla bilməz. Əgər şəhidin valideynləri, həyat yoldaşı olsa idi, ona 1 otaqlı mənzil verilməyəcəkdi. Ona görə də ən azından ona 2 otaqlı ev verilməlidir. Ümid edirəm, aidiyyəti üzrə orqanlar Sənanı 2 otaqlı evlə təmin edəcəklər. Bu şəhid qardaşının haqqıdır və bu məsələdə o razı salınmalıdır”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən