“Balını ye, arısını soruşma” – Bal yarmarkasından REPORTAJ

 16:02 01.10.2022     1009

Hər il olduğu kimi bu il də Bakıda ənənəvi bal yarmarkası keçirilir. Oktyabrın 1-dən etibarən alıcılara qapı açan yarmarka 20 oktyabr tarixinə qədər vətəndaşlara xidmət göstərməyə davam edəcək.

Redaktor.az-ın əməkdaşı “Gənclik” metrosunun yaxınlığında – Tofiq Bəhrəmov adına Respublika Stadionunun qarşısında yerləşən bal yarmarkasında olub.

Yarmarkanın ilk günündə alıcıların sayı elə çox olmasa da, olduqca zəngin çeşidli bal məhsulları ilərastladıq. Təkcə bal deyil, arı südü, çiçək tozu, arı mumu, propolis –vərəmum, mum güvəsi və s. kimi bir çox məhsulların satışı həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Qalib Bəhramov da elə ordaca yarmarka ilə bağlı məlumat verdi:.

“Bu sayca arıçılıq məhsullarının 22-ci Respublika sərgi-satış yarmarkasıdır. Bu ilki yarmarkada 120 tona yaxın bal məhsulları arıçılar tərəfindən satışa çıxarılıb. Bütün qiymətlər arıçılar tərəfindən təyin olunub. 250 arıçı yarmarkada iştirak edir. Arıçılar üzrə bölgələr arasında ən çox üstünlük təşkil edən zona isə Astaradır. Bu bölgədən təxminən 40-dan artıq arıçı var. Satış mərkəzi 09:00-dan 19:00-a kimi vətəndaşlara xidmət göstərəcək”.  

Necə deyərlər, balı balçıdan soruşarlar. Bu niyyətlə balçılara üz tutduq. Balçı Eyyub İsmayılov dedi ki, bu il  Şəmkir-Tovuz-Qazax bölgələrində məhsuldarlıq ötən ilə nisbətən zəif olub:

“Bizdə Şəmkir-Tovuz-Qazax balıdır. Keçən ilə baxanda bu il məhsuldarlıq bir az zəif oldu. Çünki axır vaxtlar havalar yağıntılı oldu. Amma yenə də vəziyyət yaxşıdır. Balımız olduqca keyfiyyətlidir. Qaratikan, çiçək balının kilosu isə 30 manatdır”.

Arıçı Elşad Hüseynov isə bildirdi ki, balların kimyəvi tərkibi əsasən eyni olur, sadəcə bitki tamına görə rəng dəyişir və tərkibi cüzi fərqlənir:

“ Ümumi olaraq, balların hamısı eynidir. Onları dadına görə cüzi fərqləndirən isə bitki tərkibidir. Bizdə Daşkəsən, Gədəbəy, Şəmkir, Samux, Kür sahili bölgələrindən yulğun və çəmən-kol balıdır. Qiymətləri isə yerinə görə 50-30 manat arası dəyişir”.

Uzun illər sonra Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Kəlbəcərdə də bu gün arıçılıq fəaliyyəti yenidən canlanıb. Həmin bölgədən olan balçı İlqar Dünyamalıyev qeyd etdi ki, bu il ilk dəfə Kəlbəcər dağlarında arı qutuları yerləşdirmək qismət olub:

“Allah Prezidentimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət, qazilərimizə isə can sağlığı versin. Bu il məhsulumuzu Kəlbəcərdən götürmüşük. Bol da məhsuldarlıq olub. Bu bal təmiz Kəlbəcər balıdır, cənab Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı yediyi baldandır. Şan balının qiyməti 50 manat, süzmə bal isə 40 manatdır”.

Yarmarkada satılan bir digər qiymətli məhsul da arı südü idi. Şamaxı bölgəsindən olan balçı Hacı Fazil dayının fikrincə, arı südü bütün arı məhsullarının şahıdır:

“Arı südü elə bir məhsuldur ki, hüceyrələrə qədər orqanizmi qidalandırır. Həmçinin qanı və immuniteti gücləndirir. Qan təzyiqinin normallaşdırılmasında da istifadə edilir. Arı südü həm də orqanizmi cavanlaşdırır, qocalmanı ləngidir. 1 qram arı südünün qiyməti isə 4 manatdır. Başqa yerlərdə bu qiymət 10 manata kimi yüksələ bilir. Amma biz adətən, alıcı ilə qiymətdə razılaşmağa çalışırıq”.  

Nərmin VÜQARQIZI

 

2222222222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən