"Ermənistan birmənalı olaraq Amerika və Fransanın maraqlarına xidmət edir" - Hərbi ekspert

“Ermənistanın bölgədə münaqişənin həlli ilə bağlı prosesdən yayınması və davamlı olaraq təxribatlara yol verməsinin əsas səbəbi sülh danışıqlarını pozmaq və 10 noyabr 2020-ci il bəyanatının formatını dəyişərək ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etmək niyyətidir. Bu məsələdə də Ermənistanı dəstəkləyən tərəf Qərbdə Fransa və Amerikadır”.
Redaktor.az xəbər verir ki, bu sözləri hərbi-siyasi icmalçı Ramil Məmmədli Azərbaycan-Ermənistan sərhədində tez-tez baş verən erməni təxribatı ilə bağlı danışarkən deyib. O, bildirdi ki, bu məsələdə də Ermənistan birmənalı olaraq Amerika və Fransanın maraqlarına xidmət edir:
“Digər məqsəd isə bölgədə, yəni Cənubi Qafqazda Rusiyanın təsir imkanlarını zəiflətmək və münaqişənin həllinə Amerika və Fransanın iştirakını təmin etməkdir. Təxribatlarda ən əsas məqsəd budur. Həmçinin də Rusiyanın münaqişəni həll edə bilməməsi fikrini formalaşdırmaqdır.”
Ramil Məmmədli Ermənistanın hərbi təlimlərə başlamasına da münasibət bildirdi.
“Ermənistanın təlimlərə başlaması normal bir məsələdir. Öz ordusunu inkişaf etdirmək, formalaşdırmaq istiqamətində tədbirlər görür. Yeni silahların satın almasını həyata keçirir. Burada təhlükə yaranacaq məsələ, Azərbaycana hər hansı bir ismarıc, hədə-qorxu da yoxdur. Əlbəttə, Ermənistan öz ordusnu inkişaf etdirməkdə maraqlıdır", - deyə ekspert bildirdi.
Həmidə İbrahimova