"Ermənilər Qaradağlı sakinlərini silos quyularında diri-diri basdırıblar" - Deputat Elman Məmmədov

 17:47 04.10.2022     618

Xəbər verdiyimiz kimi, Xocavənd rayonunun Edilli kəndindəki kütləvi məzarlıqlarda Azərbaycan hərbçilərinə aid meyit qalıqları aşkarlanıb.

Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekpertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova məlumat verib. O bildirib ki, skelet sümükləri qablaşdırılaraq Hərbi Prokurorluğun qərarları ilə birlikdə müayinə üçün məhkəmə-tibbi kriminalistika şöbəsinə göndərilib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, tapılan meyit qalıqları Birinci Qarabağ müharibəsindən qalıb.

“İkinci Qarabağ müharibəsi dövründə Xocavənd ərazisində əsas döyüşlər Hadrut istiqamətində oldu. Orada ermənilər çox tələfat verdi və Azərbaycan Xocavəndin bir hissəsini işğaldan azad etdi. Ancaq Birinci Qarabağ müharibəsində Xocavənd istiqamətində azərbaycanlı kəndləri - Qaradağlı, Əmralılar, Xocavəndin özü, Muğanlı istiqamətlərində güclü döyüşlər gedib. O ərazilərdə bizim də itkilərimiz, eyni zamanda da əsir düşənlərimiz də vardı. Qaradağlı kəndində xeyli sayda kənd sakinini ermənilər silos quyularına diri-diri basdırıblar. Ancaq indi hərbçilərdən söhbət gedirsə, bu, şəhid olmuş əsgərlərimizə məxsusdur. Həmin kəndlər hələ də işğal altındadır, amma Hadrut istiqaməti düşməndən azad edilib və həmin qalıqlar da bu ərazidən tapılıb”,-deyə o, qeyd edib.

Deputat əlavə etdi ki, Birinci Qarabağ müharibəsindən bu günə 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyi hələ də məlum deyil:

“Ermənilər də bu barədə Azərbaycanın saysız təkliflərinə baxmayaraq, hələ də heç bir məlumat vermirlər. Yəqin ki, o istiqamətdə döyüşmüş əsgərlərin, şəhidlərin, itkinlərin siyahısı var. Bunlar araşdırılacaq və müəyyən ediləcək”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən