Rasim Quliyev Ali Məhkəməyə müraciət etdi
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev barəsində olan hökmdən kassasiya şikayəti verib.
Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Rəsul Yusifbəyli bildirib.
Dediyinə görə, kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib.
"Müvəkilimin barəsində bəraət hökmünün çıxarılmasını istəyirik" - vəkil deyib.
Qeyd edək ki, R.Quliyevin barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, R.Quliyevin cəzası dəyişdirilərək 2 il müddətinə şərti hesab olunub və o, azadlığa buraxılıb.












