"Ermənistana sansksiya tətbiq edilməlidir" - AÇIQLAMA
“Qeyd etmək lazımdır ki, bu, ilk belə vəhşilik aktı deyil. Tarix boyu ermənilər bu vəhşilikləri törədiblər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da ermənilər tərəfindən Azərbaycan xalqının başına Xocalı müsibəti, Daşaltı, Daşbaşı, Malıbəyli və digər hadisələr törədilib.”
Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov dünən Xocavənd rayonun Edilli kəndində Azərbaycan Ordusunun hərbi qulluqçularına aid edilən məzarlığın aşkar olunması hadisəsinə münasibət bildirərkən deyib.
“Bu günə kimi 4000-ə yaxın azərbaycanlının taleyi məlum deyil. Bilinmir ki, onlar hansı vəziyyətdədir və necədir. Burada əlbəttdə, beynəlxalq qurumların üzərinə çox ciddi və mühüm vəzifələr düşür ki, onlar bu məsələyə reaksiya verməlidirlər. Ermənistan cəzalandırılmalı və sansksiya tətbiq edilməlidir. 67 məscidimiz, kilsələr, tarixi abidələr və ümumilikdə 10.000 kvadrat metr ərazimiz dağıdılıb. Bir neçə gün bundan əvvəl Edillidə növbəti məzarlıq aşkarlandı. Ondan əvvəl də aşkarlanmışdı. Yəni bütün bunlar hamısı Ermənistanın xislətini göstərir və beynəlxalq qurumlar, xarici dövlətlər Ermənistanın yalan məlumatları əsasında yanlış təbliğatı aparmamalıdırlar. Belə təbliğatlara da son qoymalıdırlar”,-deyə deputat bildirdi.
Xatırladaq ki, Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb.
Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlanmasından məlum olur ki, quyunun yanındaca güllələniblər.
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekpertiza və Patoloji Anatomiya Birliyinin Tibbi Kriminalistika şöbəsinin rəisi Nuranə Hüseynova bildirib ki, Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqlardakı meyit qalıqları Azərbaycan hərbçilərinə aiddir.
Baş Prokurorluğun yaydığı məlumata görə, Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığın aşkar edilməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 115.4, 120.2.1, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.
Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb.
Həmidə İbrahimova












