"Ermənistan tez-tez bu gün dediyi sözü sabah təkzib edir" - Aydın Mirzəzadə

Xəbər verdiyimiz kimi, bu gün Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında dördtərəfli görüş olacaq.
Görüşdən bir gün öncə Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb.
Bundan öncə isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də parlamentin iclasında deyib ki, Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur.
Maraqlıdır, Ermənistan rəsmilərinin bu çıxışları Praqadakı dördtərəfli görüşə necə təsir edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə söylədi ki, vaxtaşırı görüşlərin keçirilməsi tərəflərin bir-birini daha yaxşı başa düşməsinə və yaxınlaşmasına kömək edir:
“Nəzərə alsaq ki, Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib və dəfələrlə Ermənistanın təxribatlarına qətiyyətlə cavab verib. Ermənistanın Azərbaycanla normal qonşuluq münasibəti qurmaqdan başqa çıxış yolu yoxdur. Başqa variantda Ermənistan öz dövlətçiliyini, inkişaf tempini, əhalisini itirə bilər. bu baxımdan Ermənistanda nə qədər Azərbaycan torpaqları iddia olunsa da, müəyyən qrup Azərbaycanla münasibətlərin qurulmasına meyl edir. Vaxtaşırı rəsmilərin bəyanatlarında göründüyü kimi Azərbaycanın irəli sürdüyü 5 prinsip ilə razıdırlar. Ermənistan tez-tez bu gün dediyi sözü sabah təkzib edir, razılaşdırılmış hansısa məsələdən imtina edir. Bununla belə Azərbaycanın qətiyyətli mövqeyi onları müəyyən bir mövqe tutmağa, şübhəsiz ki, məcbur edir”.
Deputat qeyd etdi ki, liderlərin bu görüşü nəticəsində Azərbaycan sülh müqaviləsinə bir addım da yaxınlaşacaq:
“Fikir ayrılığı olan müəyyən məsələlər barəsində müzakirələr və nəticələr əldə edilməsi gözlənilir. Ən əsası, Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistandan qəti cavab gözləyir. Bu dəhlizin açılışı ilk növbədə Ermənistanın marağıdır. Bu, onun iqtisadi durumunun yaxşılaşmasına kömək edəcək. İndiki vəziyyətdə Ermənistan bunu bir çıxış yolu kimi görür. Ümid edirəm ki, Ermənistan aldığı dərslərdən nəticə çıxaracaq və sülh müqaviləsinə yaxınlaşacağıq. Eyni zamanda bunu təkcə Azərbaycan yox, Avropa da ondan tələb edir. ABŞ-ın bu məsələdə mövqeyi Azərbaycanın mövqeyinə yaxındır. Amma son nəticəyə gedəcək yol çox uzundur”.
Nərmin VÜQARQIZI