Azərbaycan multikulturalizmi və erməni icması

 13:46 06.10.2022     486

Hazırda, qlobal dünyada ən aktual mövzulardan biri  müxtəlif etnik və dini icmaların  birgəyaşama anlayışıdır. Məhz bu tendensiya, multikulturalizmin tərkib hissəsidir. Mövzunun həm nəzəri, həm də praktiki tərəfləri mövcuddur. Digər tərəfdən müasir dünyada cərəyan edən etnik münaqişələri də pozitiv və  neqativ nəticələri baxımından  multikulturalizm kontekstində təhlil etmək mümkündür.

Təsadüfi deyil ki, UNESKO-nun “Mədəni müxtəlifliyə dair universal Bəyannamə”sinin 4-cü maddəsində deyilir: “Mədəni müxtəlifliyin qorunması insan ləyaqətinə hörmətlə sıx bağlı olan etik imperativdir. O, insan hüquqlarını və fundamental azadlıqları, xüsusilə milli azlıqlara mənsub olan şəxslərin və yerli xalqların hüquqlarının müdafiə olunmasını nəzərdə tutur.”

Bu kontekstdə qeyd etməliyəm ki, yazının əsas qayəsi ümumiyyətlə Azərbaycanda yaşayan erməni icmasının multikultural situasiyasını təsvir və təhlil edərək gələcək perspektivlər istiqamətində mülahizələri təqdim etməkdir. Bu məsələ II Qarabağ müharibəsindən sonra daha da əhəmiyyət qazanmışdır. Hazırda Azərbaycan- Ermənistan arasında sülh sazişinin bağlanmasına dair ciddi görüşlərin getdiyi bir zamanda, Azərbaycan multikulturalizmi çərçivəsində ölkəmizdə yaşayan digər etnik və dini icmalar kimi erməni icmasının da yeri UNESKO-nun yuxarıda qeyd olunan tərifi çərçivəsində qiymətləndirilə bilər. Bu həm bizim dövlət siyasətinə, həm də beynəlxalq hüquq normalarına müvafiqdir. Eyni zamanda erməni icması, mahiyyətinə uyğun olaraq milli və dini məzmun ehtiva edir.  

Məlum olduğu kimi Azərbaycan tarix boyu müxtəlif etnosların və konfessiyaların yaşadığı ölkə olmuşdur və hazırda da belə davam edir. Tarixi təcrübə göstəriri ki, etnos və konfessiyalara qarşı Azərbaycanda heç bir zaman, assimliyasiya və izolyasiya tətbiq olunmamışdır. Əgər belə olsaydı, Azərbaycanda  qeyri rəsmi məlumata görə 35-ə yaxın etnos və müxtəlif qeyri- müsəlman konfessiyaların günümüzə qədər gəlib çıxması mümkün olmazdı. Məhz dövlət siyasəti olaraq hazırda Azərbaycanda mədəni müxtəliflik və multikulturalizm bu kontekstdə tətbiq edilir. Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyevin siyasi kursunda bu məsələ çoxşaxəli şəkildə özünü büruzə verir. Ulu Öndərin bu fikri birbaşa məqalənin mövzusunu da ehtiva edir: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq… Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”.

Tarix faktlara istinadən deyə bilərik ki, ermənilər ümumiyyətlə Qafqaza gəlmə xalqlardan hesab olunur. Müxtəlif dövrlərdə onların buraya kütləvi şəkildə köçürülməsi böyük dövlətlərin siyasi maraqları sayəsində olub. Xüsusilə, Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrini burada qeyd edə bilərik. XIX əsrin sonundan etibarən erməni icması Azərbaycanın əzəli, əbədi torpaqlarına qarşı iddia ilə çıxış etdi. Buraya 1905-ci ildə erməni-müsəlman davası, 1918-ci il mart soyqırımı, bolşeviklərin səyi ilə Zəngəzurun ermənilərə verilməsi və nəhayət müasir Azərbaycan tarixində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı daxildir.

Hazırda 44 günlük zəfər nəticəsində cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi  Qarabağ müharibəsinə son qoyulmuşdur. Qarabağ iqtisadi rayonu yaradılmış və Qarabağ Azərbaycanın inzibati bölgəsi olaraq qəbul edilir.

Multikulturalizmin müasir dünyada funksional rolu haqqında cənab Prezident İlham Əliyevin fikirləri xüsusi əhəmiyyət kəsb edir: “...bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir” .

Azərbaycanın multikultural siyasəti kontekstində erməni icmasının dövlətin multikultural təhlükəsizlik prinsipi ilə birbaşa əlaqəsi vardır. Belə ki, ölkə daxilində milli və dini icmaların mühafizəsi  milli təhlükəsizliyin vacib komponenti kimi anlaşılır bu yeni paradiqma ölkə daxilində multikulturalizm situasiyasını siyasi dayanıqlığın təminatçısı qismində nəzərdə tutur. Buna görə də multikultural təhlükəsizliyi  şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsillərarası təbəqələşmələrin yaratdığı multikultural durumun qorunub saxlanması və inkişaf etdirilməsidır. Əlbəttə, bu situasiyanın əsas qaynağı etnik və dini müxtəliflik amili olduğundan diqqət başlıca olaraq ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin olunmasına yönəldilmişdir.

Azərbaycan multikulturalizmi çərçivəsində erməni icmasının birgəyaşama prinsipinə müvafiq olaraq ölkəmizdə mövcudluğunu məşhur multikulturalizm tədqiqatçısı Pol Duymoçelin görüşlərinə istinadən təhlil edə bilərik. Dyumoçelə görə, multikulturalizm termininin ikinci səviyyədəki mənası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dövlət tərəfindən aparılan konkret siyasətlə bağlıdır. Belə ki, cəmiyyətdəki multikultural situasiyanı idarə etmək məqsədilə dövlət bir neçə mümkün siyasət sırasında multikulturalizm siyasətinə də müraciət edir. Bu mənada işlədilən multikulturalizm termini dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə reaksiyasını, daha konkret desək, bu müxtəlifliyin qorunmasını, eləcə də bəzi hallarda hətta inkişaf etdirilməsini nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Azərbaycanın, ölkəmizdə yaşayan və yaşayacaq erməni icması ilə bağlı bundan öncə  və indi də təqdim etdiyi sülh sazişinə uyğun təklifləri dünyaca məşhur multikulturalizm tədqiqatçılarının dedikləri prinsiplərə uyğundur. Bu mənada məsələ siyasi olduğu qədər, eyni zamanda qlobal elmi müstəvidə də bizi dəstəklər mahiyyətdədir. Sülh sazişindən sonra Azərbaycanda yaşayan digər etnik və dini qruplar kimi erməni icması da bundan sonra eyni bərabərhüquqlu xarakterə malik olacaqdır.

Digər tərəfdən məşhur multikulturalizm tədqiqatçısı Çarlz Teylorun  elmi ədəbiyyatda ortaya atdığı “tanınma siyasəti” (policy of recognition) anlayışı da sülh anlayışımızı və tarixi dövlətçilik ənənəmizi dəstəkləyir. Bu anlayışa görə hər bir multikultural dövlət, öz daxilində yaşayan milli və dini icmaları tanımalı və onların inkişafına təkan verməlidir. Bu, eyni zamanda Vil Kimlikanın da qeyd etdiyi kimi “multikultural vətandaşlıq” tendensiyasını inkişaf etdirir. Müasir multikultural elmi arqumentlərə əsasən qeyd etməliyəm ki, Qarabağda yaşayan erməni icması, o cümlədən, ümumən Azərbaycanda yaşayan erməni icması Azərbaycan multikulturalizmi kontekstində dövlət tərəfindən tanınır. Bunun xüsusi təcrübəsini və nümunəsini digər Azərbaycanda yaşayan etnik və dini icmaların timsalında görmək mümkündür. Bu baxımdan dövlətimizin yürütdüyü siyasət nəticəsində multikultural mühitin inkişafı hər gün artmaqdadır.

Nəticədə, Ermənistanın və xüsusilə Qarabağda yaşayan Azərbaycanın erməni icmasının yuxarıda qeyd olunan məqamları anlaması vacibdir. Azərbaycanın yaxın vaxtlarda  Ermənistana ilk növbədə təklif etdiyi beş prinsipdə də bu məsələlərə toxunulur.   Ümumiyyətlə, Qafqazda sülhün və multikultural mühitin bərqarar olması üçün ermənilər bu reallığı qəbul etməlidirlər. Çünki bunu hərbi-siyasi situasiya və qlobal arenada elmi arqumentləri ilə multikulturalizm tendensiyası təlqin edir.

Anar Osmanlı,

Azərbaycan Dillər Universitetinin məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru