"Prezidentin çıxışı məni təəccübləndirdi" - Mənsum İbrahimov

 11:08 08.10.2022     2227

Xəbər verdiyimiz kimi, oktyabrın 4-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdama səfər edib.

Səfər çərçivəsində Ağdamın Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, həmçinin keçmiş məcburi köçkünlər üçün Ağdam şəhərində inşa olunacaq yaşayış məhəlləsinin təməlqoyma mərasimi baş tutub.

Dövlət başçısı və vitse-prezident eyni zamanda Ağdam şəhərində Dəmir yolu və Avtovağzal Kompleksinin, daxili yol və kommunikasiya şəbəkəsinin təməlqoyma mərasimlərində də iştirak ediblər.

Ağdamda bərpa işlərinin görülməsi ilə bağlı Redaktor.az-a danışan Xalq artisti, xanəndə Mənsum İbrahimov bildirdi ki, onun doğulduğu rayonda görülən işlər sevindirici və qürurvericidir:

“Ağdamda görülən quruculuq işlərini yüksək dəyərləndirirəm. Bu gün Ağdamda görülən işlər çox böyükdür. 2 ildir, biz Qarabağı, eləcə də, Ağdamı işğaldan azad etmişik. Bu müddət ərzində çox böyük işlər görülüb. Ağdamın minalardan təmizlənməsi, infrastrukturun yenidən qurulması təbii ki, çox müsbət hadisələrdir. Mən dəfələrlə Ağdam şəhərində olmuşam. Öən il mayın 28-də isə təməlqoyma mərasimində iştirak etmişəm.

Təbii ki, cənab Prezidentin orada çıxışı, açılış və təməlqoyma mərasimlərində iştirakı məni həm təəccübləndirdi, həm də sevindirdi. Ona görə təəccübləndirdi ki, görülən işin həcmi çox, müddəti isə qısadır”.  

Xanəndənin fikrincə, Ağdam yaxın gələcəkdə bütün dünyanın diqqətini çəkən şəhərlərdən birinə çevriləcək:

“Bilirsiniz ki, erməni işğalından sonra Ağdam xarabalığa çevrilib, orada heç nə, heç bir tikili yoxdur. Bir dənə yarımtikili məscid qalıb. Mən inanıram ki, tezliklə Ağdamın əsl sakinləri doğma yurdlarına köçürülməyə başlayacaq və həmin ərazidə Allahın izni ilə əbədi olaraq yaşayacaqlar. Beləliklə, yeni və möhtəşəm Ağdamın şahidi olacayıq. Ağdam hər zaman SSRİ-də tanınmış bir şəhər olub. Həm sənaye və ticarət şəhəri kimi, həm də Qarabağın mədəniyyət mərkəzi idi. İndi yenidən ki, bu işlərə başlanır, həqiqətən də, inanıram ki, Ağdam nəinki Qafqazda, dünyada nümunəvi bir şəhər olacaq.

Cənab Prezidentə təşəkkür edirəm. İlk növbədə Qarabağın azad edən şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə can sağlığı arzu edirəm. Çünki bu uğur müzəffər ordumuzun sayəsində qazanılıb. İnşallah yenidən biz o torpaqları cənnətə çevirəcəyik və ölkə başçısının da dediyi kimi, orada əbədiyən yaşayacağıq”, - deyə Mənsum İbrahimov vurğuladı.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən