Azərbaycanda quş qripi təhlükəsi varmı? - Rəsmi qurumlardan AÇIQLAMA
Avropa hazırda yüksək patogenli quş qripinin rekord həddə çatan ən pis epidemiyasını yaşayır.
Dünyanın 37 ölkəsində 3573 çöl quşunun, o cümlədən təsərrüfatlarda 2467 quşun, 187 ev heyvanının yoluxduğu dəqiqləşdirilir.
İndiyədək insanlar arasında yoluxma halları qeydə alınmayıb, lakin ekspertlər bu ilin qışına qədər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.
Azərbaycanda epidemioloji vəziyyətə gəlincə, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, hazırda insanlar arasında quş qripi hadisəsinə rast gəlinməyib:
“Epidemioloji vəziyyət isə nəzarət altındadır”,- deyə nazirlikdən bildirildi.
Bəs, geniş miqyasda yayılan xəstəliklə əlaqədar ölkəyə idxal edilən quş əti məhsulları ilə bağlı hansı tədbirlər görülür?
Sorğumuza cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirildi ki, başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görür.
“Xəstəlik qeydə alınan ərazilərdən WOAH-nin müvafiq qərarlarına əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla diri quş, quş əti, quşçuluq məhsulları və avadanlıqlarının idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunur. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunur. İdxala xarici ölkələrin epizootik sağlamlıq statusu olan ərazilərdən icazə verilir”.
Qurumun məlumatına əsasən, respublika ərazisində quş qripi xəstəliyindən qorumaq məqsədilə risk əsasında müəyyən olunmuş köçəri quşların müvəqqəti və daimi məskunlaşdığı ovçuluq təsərrüfatı və milli parkların su-bataqlıq, dənizsahili zonaları və digər ərazilərdə, ev quşları arasında isə sənaye əsaslı iri və kiçik quşçuluq müəssisələrində, o cümlədən ailə təsərrüfatlarında dövrü olaraq epizootoloji monitorinqlər həyata keçirilir.
“Köçəri quşların miqrasiya marşrutlarının respublikamızın ərazisindən keçməsi, habelə bu quşların daimi və müvəqqəti məskunlaşma yerlərinin ölkə ərazisində mövcudluğu nəzərə alınaraq, quş qripi xəstəliyinin erkən aşkarlanması, vaxtında zəruri tədbirlərin həyata keçirilməsi, xəstəliklə bağlı şübhəli hallarda səyyar laboratoriya diaqnostikasının aparılması məqsədilə Agentlik aidiyyəti qurumlarla birgə quş qripi xəstəliyinə qarşı sahə simulyasiyası təlimləri keçirir. Təlimdə ehtimal olunan xəstəlik ocağından törədicinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görülür. Xəstəlik törədicisinin mümkün yoluxma yollarını müəyyənləşdirmək məqsədilə epizootoloji təhlil aparılır, ehtimal olunan ocağın sərhədləri, qeyri-sağlam məntəqə və təhlükəli zona müəyyən edilir. Epidemioloji araşdırmanın nəticəsinə əsaslanaraq, potensial əlaqəli müəssisələrə rəsmi nəzarətin təşkil edilməsinə dair göstəriş verilir və təsərrüfatlarda yüksək patogen quş qripinin mövcudluğunu müəyyən etmək məqsədilə lazımi araşdırmalar aparılır. Yüksək patogen quş qripi xəstəliyinin müəyyən edilməsi işlərindən dərhal sonra həmin müəssisənin ətrafında mühafizə və müşahidə ərazisi müəyyənləşdirilir, eyni zamanda yoluxma zonasında toplama, məhvetmə və dezinfeksiya işləri həyata keçirilir. Yoluxma zonasından patoloji materiallar (ölmüş quş, yaxma və s.) götürülərək Qida Təhlükəsizliyi İnstitutunun biotəhlükəsizlik səhra laboratoriyasında PZR üsulu ilə xəstəliyin diaqnostikası həyata keçirilir.
Bildiririk ki, quş əti məhsulları ölkəmizə əsasən Rusiya Federasiyası, Ukrayna, Belarus və Gürcüstan respublikalarından idxal olunur. Qeyd edək ki, bu məhsulların ölkəmizə gətirilməsi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının quş qripi ilə bağlı müvafiq qərarlarına uyğun olaraq tənzimlənir”.
Nərmin VÜQARQIZI












