"Ermənistan azərbaycanlı hərbçilərin meyitləri ilə xüsusi qəddarlıqla davranıb" - RƏSMİ

“Vətən müharibəsi dövründə Azərbaycana təhvil verilmiş çoxsaylı hərbi qulluqçularımızın nəşləri ekspertizadan keçirilib. Həmin meyitlər üzərində xüsusi qəddarlığın, amansız rəftar əlamətlərinin, bir neçəsinin diri-diri boğazının, qulaq seyvanlarının, burunlarının kəsilməsi, üz dərisinin soyulmasının şahidi olmuşuq”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, cinayət işlərinin faktlarında bu materiallar öz təsdiqini tapır: “Niyə bunlara reaksiya vermirlər? Çünki ikili standartlar buna imkan vermir”.
İdarə rəsisi həmçinin ermənilərin hərbçilərimizlə bağlı yaydığı videolarlara da toxunub:
"Bununla bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilir. Həmin videolarda bir neçə faktı göstərmək olar. Əsir götürülmüş bir hərbi qulluqçunun boğazının kəsilərək öldürülməsi, yaralı, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan, əl-ayağı tərpənməyən hərbi qulluqçunun başına avtomatın qundağı ilə çoxsaylı zərbələr vurularaq qətlə yetirilməsi kimi çoxsaylı misallar çəkə bilərəm. Bizim insanımız insan deyil, erməninki insandır? Bu yanaşma yolverilməzdir”.