"Qərbdən heç zaman ədalət gözləməməliyik" - Konfliktoloq

Xəbər verdiyimiz kimi, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 19 nəfər ölüb, 105 nəfər yaralanıb.
Rusiyanın bu davranışı bir çox böyük dövlətlərin rəhbərlərini, həmçinin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişeli qəzəbləndirib.
Belə ki, İsveç, Estoniya, Litva və Slovakiya kimi ölkələr Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə və digər vilayətlərinə raket hücumlarını pisləyib.
Şarl Mişel isə bildirib ki, Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı raket hücumları müharibə cinayətidir.
Qeyd edək ki, 2 il öncə Azərbaycanın haqlı savaşında – Vətən müharibəsi dövründə Azərbaycanın ən böyük şəhərlərindən biri olan Gəncə 5 dəfə düşmən tərəfindən ballistik raket hücumuna məruz qalıb. Nəticədə 27 mülki şəxs həlak olub, 125 nəfər yaralanıb. Bərdə şəhəri də 2 dəfə raketlə vurulub, nəticədə 27 mülki şəxs ölüb, 80 nəfər yaralanıb. Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlərin artilleriya, raket və kasset bombalı silahlarla bombardman edilməsi nəticəsində 17 mülki şəxs ölüb, 63 nəfər yaralanıb.
Təəssüf ki, bütün bunlara Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel başda olmaqla digər beynəlxalq təşkilatlar, Qərb ölkələrinin liderləri reaksiya verməmişdi. Yəni kimsə "Ermənistan Azərbaycanda müharibə cinayəti törədir" deyə bəyanat verməmişdi.
Bəs, Rusiyanın hərbi cinayətlərini dilinə gətirən mişellər iki il öncə Ermənistanın müharibə cinayətlərindən niyə danışmırdılar?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov bildirdi ki, bütün bunların hamısı Avropa və Qərbin ikili standartının nəticəsidir:
"2 il öncə Gəncə, Bərdə, Tərtər atəşə tutulanda bir dənə Avropa ölkəsi səsini çıxarıb demədi ki, müharibə bölgəsindən kənarda olan ərazilərdəki dinc əhalinin nə günahı var? Nəinki səslərini çıxarıb Azərbaycanın haqq işini müdafiə etdilər, əksinə Azərbaycana qarşı tədbirlər görmək üçün beynəlxalq səviyyədə məsələlər gündəmə gətirib müzakirəyə çıxartmağa çalışdılar. Amma Azərbaycan Prezidentinin intensiv diplomatiyası sayəsində bu məsələ müzakirəyə çıxarılmadı. İndi isə açıq müharibə şəraitində Ukraynanı raket atəşinə tutanda deyirlər ki, Rusiyaya qarşı tədbirlər görmək lazımdır. Sadəcə olaraq, 2 il öncə müharibə nəticəsində biz özümüzü sübut etdik ki, biz həqiqətən də öz torpaqlarımızı öz gücümüz hesabına azad etdik. 30 il ərzində həmin Avropa, ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq bir dəfə də olsun Azərbaycanı müdafiə etmədilər, demədilər ki, dinc əhalini atəşə tuturlar.
Bəs nə üçün Azərbaycan müharibədən qələbə ilə ayrıldıqdan sonra Avropa sülh müqaviləsinin imzalanmasında vasitəçilik edir? Çünki Avropanın regionda öz maraqları var. Şarl Mişel Avropanın maraqlarını təmin olunması üçün sülh müqaviləsinin imzalanmasında canfəşanlıq edir. Buna görə deyir ki, danışıqlar prosesini intensivləşdirmək lazımdır. Bu, ikili standartın bariz nümunəsidir".
Konfliktoloq qeyd etdi ki, Avropa İttifaqı ölkələri Azərbaycana qarşı münasibətdə sanksiyalar tətbiq olunarkən səslərini belə çıxartmadılar, əksinə irticaçılıq siyasəti yürütdülər.
"Dinc əhalini raket atəşinə tutmaq yolverilməzdir. Amma ədalətdən danışırıqsa, onda buyurub, zəhmət çəkib Ukraynaya göstərdikləri səyləri, münasibəti bizə də göstərərdilər. Heç olmasa adi bir bəyanatla çıxış edərdilər ki, müharibə bölgəsindən uzaq olan ərazilərdə Azərbaycanın mülki şəxsləri zərər görür. Baxın, ədalət onda olardı. Qərbin ədaləti budur, onlardan heç zaman ədalət gözləməməliyik. Təcavüzə məruz qalan biz olmuşuq, amma bizə təcavüzkar ilə eyni münasibəti bəsləyiblər. Bütün bunların hamısı Avropa və Qərbin ikili standartının nəticəsidir. Bu ikili standart da Qərbin əsl siyasətinin mahiyyətidir”, - deyə K.Məmmədov vurğuladı.
Nərmin VÜQARQIZI