"Əlaqələr nə qədər yaxın olarsa, türk coğrafiyasına o qədər çox töhfə verər" - Deputat

 17:49 12.10.2022     154

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfəri edib.

Prezidentin bu səfəri ilə bağlı Redaktor.az-a danışan millət vəkili Məlahət İbrahimqızı dedi ki, İlham Əliyev Qırğız səfərində yüksək səviyyədə görüşlərdə iştirak edib.

“Qəbul olunan sənədlərin, qərarların səviyyəsinə görə səfər qiymətləndirilir. Prezidentlərinin bəyanatlarında gördük ki, səfər iki ölkə arasında strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə gəlib çatıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da orada iştirak edirdi və Bişkeklə Bakının qardaşlaşması qeyd olundu. Bu səfərdə olduqca önəmli qərarlar qəbul olundu. Hərbi, iqtisadi, siyasi, humanitar, mədəni sahələrdə çox ciddi addımlar atıldı. Yəni o addımların hər biri imzalanan sənədlərdə öz əksini tapıb. Azərbaycan-Qırğızıstan arasında inkişaf, sərmayə fondunun yaradılması, eləcə də Çin-Qırğızıstan-Özbəkistan arasında dəmiryol xəttinin çəkilməsi çox önəmli qərarlar idi”, - deyə o, bildirdi.

Deputat həmçinin vurğuladı ki, bu gün dövlətlərin ən zəruri ehtiyac duyduğu enerji –neft, qaz, bərpa olunan enerji istiqamətlərində Azərbaycanın yüksək fəaliyyəti var:

“Eyni zamanda ölkələrin ən önəm verdiyi siyasətdən biri də nəqliyyat – logistik layihələrdir. “Böyük İpək” yolunun cərgəsində Orta Asiya, Asiya koridoru, Cənubi Qafqaz və Azərbaycan ən önəmli hissələrdən biridir. Prezidentin Bişkekdə səfəri çərçivəsində Çin, Qırğızıstan, Özbəkistan nəqliyyat logistik layihəsinin inşası ilə bağlı bağlı imzalanan sənədlərdə Azərbaycan investor kimi iştirak edir”.

Məlahət İbrahimqızı qeyd etdi ki, Azərbaycanın inkişafının elə bir mərhələsidir ki, artıq yardım alan ölkədən yardım edən ölkəyə, borc alandan borc verənə, qrant alandan qrant verənə çevrilib.

“Qırğızıstanla Azərbaycanın həm də tarixi bağlılığı var. Eyni kökə, eyni etnik millətə məxsus xalqlarıq. Bu gün Türk Dövlətləri Təşkilatları arasında ikitərəfli əlaqələr nə qədər yaxın, sıx olarsa, türk coğrafiyasına o qədər çox töhfə verər. Türkiyə-Azərbaycan bir millət, iki dövlətdir. Ulu Öndərin “bir millət, iki dövlət” deyimi Azərbaycan-Qırğızıstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan dövlətlərinin hər birinə şamildir”, - deyə deputat vurğuladı.

Nərmin VÜQARQIZI