"Azad olunan torpaqlarımızda daş hasarlar çəkilməsin" - Zahid Orucdan ÇAĞIRIŞ

 15:19 13.10.2022     715

Xarici ölkələrdə fərdi yaşayış evlərinin ətrafı, adətən, fərqli dizaynda, çox da hündür olmayan taxtalar ilə çərçivələnir. Bəzi evlərin isə həyəti ilə küçə arasında heç bir sərhəd yoxdur. Bu, həm insanın gözünü oxşayır, həm də şəhərə, qəsəbəyə xüsusi bir gözəllik qatır.

Azərbaycanda isə bu adət tamam fərqlidir. Fərdi evlərin salındığı ərazidə ətrafa nəzər yetirsək görərik ki, evlər 2 metr hündürlüyündə daş hasarlar ilə sərhədlənib.

Ölkədəki bu daş hasarlara olan “sevgi” nədən irəli gəlir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Zahid Oruc bildirdi ki, bu məsələ ictimai həyatımızın, insanlararası münasibətlərin böyük bir ayırıcı xəttinə - Çin səddinə çevrilib.

“Yaşından, rütbəsindən, dərəcəsindən, imkanından asılı olmayaraq, təəssüflər olsun ki, bu cür divarlar bizim evlərimizi mühasirəyə alır. Bu, özünü qoruma instinktidir və ya sadəcə bir dəbdir, o cümlədən xüsusi bir atributdur. Əlbəttə, onu təyin etmək bu qədər asan deyil. Reallıq ondan ibarətdir ki, biz böyük daş dağlarını əridib, cəmiyyətdə insanlar, qonşular arası bir səddə çevirmişik. Müəyyən qədər də bu, elə ümumi birliyə də təsir edir. İnsanlar psixoloji olaraq həmişə bu ovqatda olurlar ki, onları nələrsə ayırır, yəni burada birləşdirici bir amil doğulmur. Bu, milyonlarla daş nə qədər ərazini sanki özünün “işğalında” saxlayır.

Avropa məkanına gedən istənilən bir insan bu məsələ ilə bağlı şəhər meriyalarının verdiyi çox sərt qanunvericilik aktları və ona hər kəsin əməl etməsinin şahididirlər. Bu, bir tərəfdən çox rahatlıq yaradır. Çox kiçik bir dəmir torlar vasitəsilə həmin həyətlərdən bu cür xətlər çəkilir, amma söylədiyimiz o “Şərq divarları” orada yoxdur”.

Daha yüksək təbəqənin daha uca daş hasarlar tikməsi ilə bağlı fikir bildirən deputat qeyd etdi ki, bu, olduqca subyektiv yanaşmadır:

“Bu cür də yanaşma ola bilər. Amma  bu şərti və subyektiv bir mövqe olacaq, çünki bunu tənqid edən şəxslərin də imkanları, şəraiti yüksək olduğunda, şübhəsiz ki, o da həmin ölçüdə özünü cəmiyyətdən izolyasiyaedici tədbirləri görəcək”.

Zahid Orucun fikrincə, bu ənənənin qarşısını almaq üçün bir sıra tədbirlər planı həyata keçirmək olar.

“Yaşlı insanlarımız söyləyirlər ki, vaxtında belə deyildi. Həqiqətən də bu fikirdə gerçəklik var. Çünki daş hasar dəbi sonrakı illərdə çox geniş yayılıb. Hansı təsir vasitələrindən bu irəli gəlir, bunu demək çox çətindir. Əgər ölkədə dövlət, inzibati orqanlar, həmçinin cəmiyyətin üzdə olan tanınmış simaları belə bir kampaniya başlatsalar ki, bu daşlardan xilas olaq və onların hamısı işğaldan azad olunan torpaqlarda ehtiyacımız olan tikintilərə yönəlsin, bu, özü də bir başqa azadlıq olar. Həm də sosial, iqtisadi, həm də mənəvi və psixoloji bir nəticə doğurar. Belə bir müsbət nəticənin effekti cəmiyyət üçün faydalı olar. Ən azından "bundan sonrakı dövrdə etməyək" yanaşması həqiqətən də faydalı olar.

Bu, sanki bir ümumxalq normasına çevrilib. Yazılmamış qanundur və təəssüflər olsun ki, il-ildən də bu məsələ geniş yayılır. Hüquqi aktlarla çəkilişin əleyhinə tədbirlər görmək təklifləri də dəyərləndirilə bilər. Burada əsas məsələ qabaqcıl insanların iz açan tədbirləridir. Arzu edirəm ki, azad olunan torpaqlarımızda bu divarlar çəkilməsin, buna əsla ehtiyac yoxdur. Əksinə o ərazilərdə insanları bir-birinə bağlayan xətləri daha çox əsas götürməli, bu yönlü infrastruktur quruculuğuna getməliyik, tədbirlərimiz bu istiqamətdə görülməlidir”, - deyə millət vəkili bildirdi.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən