Qarabağ qazisi VƏFAT ETDİ - FOTO

 21:45 13.10.2022     180

Cəbrayıl rayonundan olan Qarabağ qazisi, 1-ci qrup əlil Nofəl Sərməst oğlu Salahov vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, uzun müddət yataq xəstəsi olan N.Salahov ağır xəstəlikdən əziyyət çəkirdi.

Redaktor.az xəbər verir ki,  Nofəl Salahov Qarabağ hadisələri başlayandan bir müddət sonra, 1991-ci ilin noyabr ayında Vətənin müdafiəsinə qoşulan məşhur “Şıxov batalyonu”na yazılan ilk könüllülərdən olmuşdu.

O, I Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsində, Kərkicahan və Daşaltı əməliyyatlarında, Tərtər və Goranboy ətrafında gedən döyüşlərdə, dogma Cəbrayıl rayonunun qorunmasında fəal şəkildə iştirak etmişdi.

1994-96-cı illərdə - atəşkəs rejimi dövründə Tərtər rayonunun Talış kəndi yaxınlığında gənc əsgərlərə döyüş təlimləri keçmişdi.

1996-cı ildə səhhətindəki ciddi problemlərlə əlaqədar müalicə üçün hospitala göndərilən Nofəl bir müddət sonra dəfələrlə yenidən döyüşən orduya qayıtmağa çalışsa da, buna icazə verilməmişdi.

Ağır yataq xəstəsi olduğu vaxtlarda keçmiş döyüş yoldaşları Nofəldən xəbərsiz onun vəziyyəti barədə informasiyanı sosial şəbəkələrdə ictimaləşdirəndə, o bundan xəbər tutub etiraz etmiş və yazmışdı:

“1-ci qrup əliləm. Amma heç vaxt öz səhhətimlə bağlı hər hansı dövlət qurumuna müraciət etməmişəm. Heç vaxt da belə fikirdə olmamışam. Döyüş əməliyyatlarında aldığım yaranı və səhhətimdə yaranmış ciddi problemləri Vətənimə və Dövlətimə xidməti borcumun nəticəsi kimi qəbul etmişəm. Eyni əqidə ilə də yaşayacam”.

Mərhum qazi bu gün Sulutəpə qəbirastanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin.