Qanunsuz işdən çıxarılanlar işlərinə qaytarıldı

 11:10 14.10.2022     364

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2022-ci ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 80 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və onlar əvvəlki işlərinə bərpa ediliblər.

Nazirlikdən Redaktor.az-a bildirilib ki, vətəndaş müraciətləri ilə əlaqədar Xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar zamanı həmçinin işəgötürənlər tərəfindən 550 min manata yaxın məbləğdə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin 94,7 faizi əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, həmçinin zərərə görə ödənclər olub.