Ağsuda Vətən müharibəsi şəhidinin xatirəsi anıldı - FOTO

 19:35 17.10.2022     331

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 Günlük Vətən müharibəsində qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan şəhid Hüseynov Əzizağa Nizami oğlunun anım günü Ağsu rayonu Bozavand kəndində qeyd edildi.

Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin nümayəndələri, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları şəhid Hüseynov Əzizağa Nizami oğlunun Bozavand kənd qəbristanlığında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxudular. Daha sonra çıxış edənlər şəhid Əzizağa Hüseynovun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Hüseynov Əzizağa Nizami oğlu 1 fevral 1999-cu ildə Ağsu rayonunun Bozavand kəndində dünyaya gəlib. Ailənin tək övladı olan Əzizağa 2017-ci ildə Vətənə olan borcunu yerinə yetirmək üçün Şəmkir şəhərinə həqiqi hərbi xidmətə yollanıb. 2018-ci ildə hərbi xidmətini başa vurub. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün könüllü yollandığı Vətən müharibəsindən şəhid kimi qayıdır. Hüseynovlar ailəsinin bircə övladı Əzizağa Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, Ağdərə istiqamətində gedən döyüşdə 16 oktyabr 2020-ci ildə aldığı qəlpə yarasından qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Hüseynov Əzizağa Nizami oğlu ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Tunar Altunay

222
Vumart və Güvən reklamı Vumart Güvən