Bu dərmanlar apteklərdə TAPILMIR

 15:02 18.10.2022     643

Son zamanlar apteklərdə bəzi dərman preparatlarının, həmçinin yod məhlulunun çatışmazlığı ilə əlaqədar mətbuatda xəbərlər dərc edilir.

Məlumatlarda əsasən qeyd olunub ki, Rusiya və Ukrayna arasındakı müharibəyə görə, Azərbaycanda dərman qıtlığı yaranıb.

Hazırda apteklərdə vəziyyət necədir?

“Planeta” aptekdən Redaktor.az-a verilən məlumata görə, respublikada olan dərman qıtlığı hazırda onlarda da mövcuddur:

“Hazırda Rusiya və Ukrayna istehsalı dərmanlarda problem olur. Digər dərmanlarda çatışmazlıq qısamüddətli olur, yenidən gətirilir.

Yod bir ara ümumiyyətlə olmadı, amma indi “Avromed” dən ədəd şəklində ala bilirik. Bu da qıtlığı nisbətən azaldır. Bunlar müvəqqəti olan şeylərdir. Amma müvəqqəti olmayan dərmanlar da var. “Adrenalin”, “Dibazol” ampula kimi bəzi dərmanlar isə uzun müddətdir apteklərdə yoxdur. Digər olmayan dərmanlar isə apteklərə gəlir”.

“Zəfəran” apteklər şəbəkəsinin çağrı mərkəzinin əməkdaşı Kübra Şərifova isə bildirdi ki, hazırda bazalarında bəzi dərman vasitələri ilə bağlı qıtlıq var:

“Hazırda 1 ədəddən çox olan sifarişlər qəbul olunmur. Məsələn, 15, 20 ədədlik sifarişləri qəbul edə bilmirik. Çünki əvvəlki vaxta nisbətən azlıq var. Ən çox yodla bağlı qıtlıq mövcuddur”.

Nərmin VÜQARQIZI