İsveçdə 26 yaşlı azərbaycanlı nazir TƏYİN EDİLDİ

 16:36 18.10.2022     310

Cənubi Azərbaycandan olan 26 yaşlı gənc Ruminə Purmuxtari İsveçin iqlim və ətraf mühit naziri təyin olunub.

Redaktor.az xəbər verir ki, baş nazir Ulf Kristersson hökumətinin 18 oktyabr 2022-ci il tarixində açıqlanan tərkibində yer alan 27 yaşlı soydaşımız İsveç tarixində ən gənc nazir hesab olunur.

Romina Purmoktari 12 noyabr 1995-ci ildə Stokholm qraflığının Sundbyuberq dairəsində anadan olub. Upsala Universitetini bitirib. 2019-cu ildən Liberallar Partiyasının İdarə Heyətinin həmsədridir. 2022-ci ildə İsveçdə keçirilən parlament seçkilərində Stokholm dairəsi və Stokholm bələdiyyəsinin seçki dairələrində deputatlığa namizəd olub. Seçkilərdə yaxşı nəticə göstərən gənc liberal qalib gəlib.

Qeyd edək ki, Rominanın atası İbrahim Purmoxtari vaxtilə Təbrizdən İsveçə mühacirət edib, bir neçə il öncə vəfat edib.

Diasporla İş üzrə Dövlət Komitəsi gənc soydaşımızı bu məsuliyyətli vəzifəyə təyin olunması münasibətilə təbrik edir, gələcək siyasi karyerasında davamlı uğurlar əldə etməyi arzulayır.