Qarabağda kənd təsərrüfatı ilə bağlı planlar açıqlandı

 14:52 19.10.2022     187

İşğaldan azad edilmiş ərazilərdə ilkin mərhələdə əkin təyinatlı torpaqların həcmi müəyyən edilərək müxtəlif bitkilərin əkilməsinə başlanılıb.

Redaktor.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Bakıda keçirilən Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisi və 27-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi çərçivəsində təşkil olunmuş Qarabağda biznes və investisiya imkanlarına həsr edilmiş konfransda deyib.

"Ümumilikdə Qarabağın ənənəvi kənd təsərrüfatı potensialının dirçəlməsi və qısa zamanda inkişafı üçün real addımlar atılıb və davamlı olaraq atılacaq. Ənənəvi sahələrinin bərpası ilə yanaşı, bölgədə kartof, tərəvəz, bostan və yem bitkiləri əkinlərinin genişləndirilməsi imkanları da böyükdür.

Yüksək əlavə dəyər yaratması, emal sənayesi üçün xammal təminatı və ixrac imkanları perspektivi baxımından həmin ərazilərdə meyvəçiliyin inkişafına da xüsusi diqqət yetiriləcək", - S.Mövlayev deyib.

Onun sözlərinə görə, bitkiçilik sahəsinin ənənəvi və perspektiv istiqamətlərinin bərpası ilə yanaşı regionda heyvandarlıq sahəsinin inkişafına daha çox üstünlük verilməsi təbii-iqlim və relyef xüsusiyyətləri baxımından daha əlverişli hesab edilir: "Bu, həmin ərazilərdə otlaq və yaylaqların üstünlük təşkil etməsi və tarixən təsərrüfatçılıq ənənələrinin əsasən bu istiqamətdə olması ilə bağlıdır.

Təsadüfi deyil ki, istər ötən, istərsə də cari il ərzində heyvandarlığın inkişafı üçün böyük potensiala malik olan işgaldan azad olunmuş ərazilərə bir neçə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi həyata keçirilib".

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi olaraq bütün sadalanan istiqamətlərin ən yaxın gələcəkdə inkişafı üçün lazımi dəstəyin göstərilməsi planlaşdırılır: "Bu gün aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursu rəhbər tutaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsipləri əsasında uğurla davam etdirir.

İnanırıq ki, bu cür sərgilərin təşkili ölkəmizin kənd təsərrüfatı sahəsindəki nailiyyətlərinin tanıdılmasına və aqrar məhsulların ixrac potensialının artırılmasına, həmçinin tarixi Azərbaycan diyarı olan və Azərbaycanın aqrar sektorunda mühüm paya malik olan Qarabağın yaxın gələcəkdə sürətli inkişafına öz töhfəsini verəcək".