ADU-da Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılışı oldu - FOTO

 15:35 19.10.2022     276

Oktyabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılışı olub.

Açılış mərasimində Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos, Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Amerikanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Əndru Birdy və başqaları iştirak ediblər. 

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib, yeni açılan mərkəzin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ADU dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir:

“Bu gün universitetimizin həyatında əlamətdar bir gündür. Hər bir azərbaycanlının qəlbində Yunanıstanın tarixinə, mədəniyyətinə böyük sevgi var. İnanıram ki, bizim tələbə və müəllimlərimiz bu mərkəzin daimi üzvləri olacaq, mərkəz onların yunan sevgisini bir az da artıracaq”.

Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos rektora təşəkkürünü bildirib, gələcəkdə də Azərbaycan və Yunanıstan arasında olan münasibətlərin inkişaf edəcəyinə əminliyini vurğulayıb. Qeyd olunub ki, əlaqələrin elmi, mədəni, siyasi inkişafı hər gün artmaqdadır:

“Göstərdiyiniz diqqətə və səmimi görüşə görə sizə öz minnətdarlığımı bildirirəm. İnanıram ki, bu mərkəz tələbələrə, müəllimlərə faydalı olacaq, onların tədqiqat işlərinə öz töhfəsini verəcək. Azərbaycan Dillər Universitetində Yunan Araşdırma və Mədəniyyət Mərkəzinin açılması bizə onu deməyə əsas verir ki, mərkəzin xidmətlərindən universitetin Yunanıstan və digər Avropa ölkələri üzrə ixtisaslaşan tələbələri, Azərbaycan–Yunanıstan əlaqələri ilə maraqlananlar istifadə edəcəklər.” 

Mərkəzin açılışından sonra Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkos “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb, onlara mühazirə oxuyub. Görüş tələbələrin sualları ilə davam edib.

222