"Bütün dünya bizi heç bir qüvvənin dayandıra bilməyəcəyini gördü"
17 oktyabr 2020-ci il tarixində cənab Prezident İlham Əliyev azərbaycanlılara illərdir düşmən işğalı altında olan Füzuli şəhərinin işğalçılardan azad edilməsi müjdəsini verdi. Bu xəbərlə də uzun illərin doğma torpaq həsrəti sona çatdı. Biz xalq olaraq öz üzərimizə düşən missiyanı şərəflə yerinə yetirdik, Füzuli başda olmaqla digər bölgələrimizi də işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Vətən uğrunda canlarını qurban vermiş minlərlə şəhidimizin, Vətən həsrəti ilə dünyadan köçmüş minlərlə qaçqın və köçkünümüzün ruhu da şad və rahat olacaqdır.
Vətən Müharibəsi zamanı Füzuli şəhərinin işğaldan azad olunmasının çox mühüm əhəmiyyət daşımasının səbəbi böyük yaşayış məskəni olması idi. Ermənistan hərbi rəhbərliyi, hətta, bir çox tanınmış hərbi mütəxəssis belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün Azərbaycana aylarla vaxt lazım olacaq. Füzulinin azad olunması mümkünsüzün mümkün edilməsi kateqoriyasında bir hadisə kimi dəyərləndirilirdi. Füzulinin təmas xəttində yerləşən bir neçə “müdafiə xətti”nin yarılması Azərbaycana strateji üstünlüklər verdi. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən oldu. Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi. Düşmənlərimizin güclü müqavimət göstərməsinə baxmayaraq Azərbaycan Ordusu öz missiyasını layiqincə yerinə yetirdi. Prezident cənab İlham Əliyevin bu müjdəli xəbəri xalqa verərkən bütün dünya bizim öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyimizi və bizi heç bir qüvvənin dayandıra bilməyəcəyini gördü.
Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırıb.
Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini












