Mais Ağayev avtobuslarda sıxlıq və gecikmə probleminin həll olunacağı vaxtı AÇIQLADI

 16:56 21.10.2022     1764

Son aylar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətində sıxlıq və tıxac daha çox hiss olunur. Bəzən qeyri-pik saatlarda belə yollarda bu cür mənzərə ilə rastlaşırıq.

Bu səbəbdən avtobuslarda sıxlıq, gecikmə kimi problemlər yaranır.

Bir çox Avropa ölkələrinə nəzər salsaq, görərik ki, böyük şəhərlərdə avtobusların hərəkəti üçün xüsusi avtobus zolaqları mövcuddur ki, ictimai nəqliyyatda sıxlıq yaranmasın.

Bakıda da bir müddət öncə bir neçə küçədə avtobus zolaqları salınsa da, bu, davamlı olmadı. Bəs, paytaxtda avtobus gecikmələrinin qarşısını almaq üçün əlavə xüsusi zolaqlar nə vaxt çəkiləcək?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) rəsmisi Mais Ağayev bildirdi ki, avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi şəhərdə pik həddə çatan avtomobilləşmədən qaynaqlanan tıxac problemidir.

“Bunun qarşısının alınmasının alternativsiz həll yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqidir. Konkret olaraq xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq.

Avtobus zolaqlarının şəhərin hərəkətlik imkanlarının artırmaqla şəhərin sosial, iqtisadi və ekoloji mühitinin yaxşılaşdırılmasına ola biləcək müsbət təsirlərini nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi ötən dövrdə bu istiqamətdə müyyən adımlar atmaqdadır”.

Zolaqların davamlı olmaması ilə bağlı danışan BNA sözçüsü qeyd etdi ki, bu məsələ yalnız bir qurum tərəfindən qəbul olunmur, bu bir neçə qurumun birgə işidir:

“Nazirlər Kabineti yanında komissiya var. Təkliflər ora təqdim edilir, baxılır və komissiya rəy bildirir. 31 küçə ilə bağlı Agentlik təklif verib, onun 10-u ilə bağlı müsbət rəy alınıb. Təəssüf ki, digər sürücülərin bu zolağın tələbinə riayət etməməsi nəticəsində 10 küçənin əksəriyyətində istənilən nəticə əldə edilməyib. Ona görə zolaqlarla bağlı danışarkən iki mühüm faktor nəzərə alınmalıdır. Birincisi, zolaqlar şəbəkələşməli, ikincisi isə onun tələbinə ciddi riayət olunmalıdır”.

M.Ağayev əlavə etdi ki, zolağın tələblərini pozan sürücüləri cərimələyərək məsuliyyətə cəlb etmək olar:

“Əlbəttə, cərimə tətbiq etmək olar, amma bu səlahiyyət bizdə yox, Dövlət Yol Polisindədir”.

Nərmin VÜQARQIZI