Naftalan hava limanı yenidən istifadəyə veriləcəkmi?
Naftalan hava limanı 1977-ci ildən istifadəyə verilib. Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən dəfələrlə atəşə tutulan hava limanı 1997-ci ildə fəaliyyətini dayandırıb. 2021-ci ildə prezident İlham Əliyev Naftalan hava limanını ziyarət edərək onun yenidənqurma planlarını müzakirə edib. Bəs yenidən hava limanının istifadəyə verilməsi gündəmə gətirilə bilərmi?
Redaktor.az mövzu ilə bağlı yeni məlumat almaq üçün “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilovaya müraciət etsə də, cavabı qısa oldu:
“Bu barədə hələ heç bir məlumat verə bilməyəcəyik.”
Mövzu ilə bağlı saytımıza danışan turizm eksperti Əziz Şiriyev isə bildirdi ki, hava limanının harada açılmaq lazım olduğunu dövlət yəqin ki, bizdən yaxşı bilir:
“Ümumiyyətlə bunlar çox mühim məsələlərdir. Bir yerin infrastruktunun inkişaf etməsi üçün turizmdə yol infrastrukturu olmalıdır. Biz də bilirik ki, turistlər birinci nəqliyyatla, ikinci hava yoluyla, üçüncü quru sərhədlə, dəmir yolu və digər dəniz xəttləri ilə gəlirlər. İndi bizdə Xəzər göldü və dəniz statusundadır. Amma burada bir məqam var ki, hazırki vəziyyətdə hər hansı bir mövqeyinin və hava limanının işləməməsi starteji və ya dövlət tərəfindən ola bilər. Yəqin nəsə bilirlər ki, Naftalan hava limanını açımırlar. Bu gün Qarabağda Füzulidə, Zəngilanda hava limanları açılır. Harada açılmaq lazım olduğunu dövlət yəqin ki, bizdən yaxşı bilir. Bundan önəmlisi isə Gəncədə hava limanın Nafatalana yaxın olmasıdır. Bu gün gələn turistlərin əksəriyyətinə biz tövsiyyə edirik ki, siz Bakıya yox, Gəncəyə gəlin. Həm regionallarda hava limanları işləsin və təyyarə biletlərinin uçuşları təxirə salınmasın, həm də rahat olsun. Biz otellərə belə bir təklif edirik ki, istəyir Naxçıvanda Duzdağaa, istəyir Naftalana olsun, ümumiyyətlə kurort məqsədi ilə bir həftədən artıq səyahətə gələnləri hava limanından otelə gətirmək və oteldən hava limanına aparmaq pulsuz olsun. Müştəri də ona sevinir. Bu paketi alır və digər şeydən əziyyət çəkmir. Hava limanına düşən kimi otelin məsul şəxsi ad soyadı ilə yoxlayır, maşına mindirir və otelə aparır. Çıxış günündə də oteldən hava limanına aparır. Və bu çox rahat olur, razı da qalırlar. Heç bunun Naftalanın özündə olmasına ehtiyac yoxdur. Gəncəylə də o qədər arası yoxdur. Bir-birinə yaxın rayonlarda hava limanlarının olması regional sayılır. Regional olaraq bir dənə hava limanı seçilir. Gəncədə böyük şəhər olduğuna görə Gəncə hesablanıb.”
Ekspert onu da qeyd etdi ki, əgər Naftalanda hava limanı olsa, müştərilər bölünəcək və təyyarələr dolmayacaq:
“Təyyarənin dolmama ehtimalı da uçuşuna səbəb olur və təxirə salınır. Heç kim də təxirə salınmağını istəməz, çünki sonra şikayətlər, biletlərin geri qaytarılması, vaxtının dəyişidirilməsi kimi problemlər başlayır. Adam var ki, biznes adamıdır və Moskvaya vacib uçmalıdır, təxirə salınması isə onu külli miqdarda ziyan vurur. Belə nüansların hamısı nəzərə alınır.”
Həmidə İbrahimova