Azərbaycanda islam bankçılığı ilə bağlı müzakirələr aparılır - Deputatdan AÇIQLAMA
“Azərbaycan dünyada tətbiq olunan ən müasir bank xidmətlərini, maliyyə alətlərini tətbiq etmək üçün hər zaman müxtəlif layihələr həyata keçirib. Fərqli ölkələrdə geniş yayılmış islam bankçılığı da ölkəmizin bank icması tərəfindən maraqlı hesab edildiyindən bu modellə bağlı təşəbbüslər müsbət qarşılanıb. İstənilən halda alternativ maliyyələşdirmə alətlərindən olan islam bankçılığı ölkəmizin biznes sektorunun inkişafı baxımından əhəmiyyətlidir. Buna görə də, ölkəmizdə belə bir bank institunun formalaşması istisna deyil”.
Bu barədə Redaktor.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü, deputat Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, islam bankçılığı adlanan faizsiz bankçılıq 1970-ci illərdə Körfəz ölkələrində tətbiq edilməyə başlayıb, daha sonra bəzi Qərb ölkələrində də tətbiq edilib. Bu bankçılıqda faiz qadağandır və əməliyyatlar xeyir və zərərdə ortaqlıq prinsipi əsasında həyata keçirilir:
“İslam bankı ilə kommersiya bankı arasındakı mühüm fərq məhz biznes kreditlərindədir. Ənənəvi kommersiya bankları müəyyən məbləği kredit kimi verdikdən sonra nə çox, nə az, məhz həmin məbləği və hesablanmış faizləri geri almağı nəzərdə tutur. Əsas məbləğ və faizləri hər hansı səbəbdən geri ala bilmədikdə kommersiya bankı müştərinin əlindən əvvəlcədən nəzərdə tutulmuş girovu alır. İslam bankı isə biznes krediti verdikdə şərik kimi çıxış edir. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Yox, əgər daha az qazanırsa, banka da müvafiq olaraq az ödəməli olur. Müştəri üçün islam bankının biznes kreditlərindəki üstünlüyü ondan ibarətdir ki, biznes uğurlu alınmasa və krediti qaytarmaq mümkün olmasa, islam bankı geriyə heç nə tələb etməyəcək”.
A.Hüseynov qeyd etdi ki, hazırda dünyanın 80-ə yaxın ölkəsində 300-dən çox bank “faizsiz bankçılıq” xidmətləri təqdim etməkdədir:
“Bu model bir növ investisiya bankı xüsusiyyətini daşısa da, fəaliyyət sistemi və fəlsəfəsi tam fərqlidir. Modelin ən önəmli xüsusiyyətlərindən biri də xarici investisiyaları ölkəyə cəlb etməsidir. Faizsiz maliyyə sisteminin bir sıra spekulyativ fəaliyyətlərə girişməməsi iqtisadi böhrandan daha az zərərlə çıxmasına zəmin yaradır”.
Deputat vurğuladı ki, ölkəmizdə islam bankçılığı ilə bağlı təşəbbüslər dəstəklənir və neçə ildir ki, bu bank sisteminin hələ qurulması üçün bank icması müvafiq qurumlarla müzakirələr aparır.
“Hətta bir müddət Beynəlxalq Bankda İslam bankçılığı departamenti yaradılmışdı. Qanuni tənzimləmə olmadığından belə bir qurumun fəaliyyəti davamlı olmadı. Belə bir bankın fəaliyyəti üçün hüquqi çərçivə olmalıdır. Hazırda islam bankçılığının tətbiqi ilə bağlı ayrıca qanunvericilik bazasının hazırlanması və yaxud mövcud bank qanunvericiliyinə müəyyən əlavələrin edilməsi təklif olıunur. Son nəticədə ölkədə İslam bankçılığının əsəs məhsullarını təqdim etmək imkanı yaranmalıdır. Bu isə ölkədə fəaliyyət göstərən bankların tərkibində islam bankçılığı pəncərələrinin açılması ilə mümkün ola bilər. Bu, kiçik və orta biznesin maliyyə alətlərinə çıxışılarını asanlaşdıra bilər”,- deyə A.Hüseynov bildirdi.
Nərmin VÜQARQIZI












