Qubadlı şəhərinin azad edilməsi böyük qələbəni yaxınlaşdırdı!

 22:45 22.10.2022     398

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 30000 yaxın vətəndaşımız məcburi köçkün olaraq öz torpaqlarını tərk edib və respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. İşğal nəticəsində 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü ermənilər tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınıb.

44 Günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu oktyabr ayının 20-də Zəngilan şəhərini işğaldan azad etdi. Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Bunu düşmənimiz olan işğalçı Ermənistan silahlı qruplaşmaları çox gözəl bilirdilər. Elə bu səbəbdən də Ermənilər şəhərdə güclü istehkamlar qurdular.

Bir sıra əhəmiyyətli yüksəkliklərdə ermənilərin nəzarəti altında idi. Qubadlını işğaldan azad etmək üçün, birinci növbədə, həmin strateji yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Bu səbəbdən də Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şübhəsiz ki, Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. Ordumuz ilk olaraq şəhərə hakim olan yüksəkliklər götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.

Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun böyük Qələbəsini yaxınlaşdırdı. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.

İşğal altında olan hər bir kəndimizin, hər bir şəhərimizin azad olunduğu gün tariximizə Zəfər günü kimi yazıldı. Çünki bu torpaqların hər qarışı uğrunda Azərbaycan ordusu döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa edib. Qubadlı rayonunun işğaldan azad olunduğu gün – 25 oktyabr tariximizdə daim böyük qürurla xatırlanacaq.

Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən