"Gölməçələrdən keçən sürücülər diqqətli olsunlar" - Paytaxt polisindən XƏBƏRDARLIQ

Qış fəslinə yaxınlaşdıqca yağışlı hava şəraiti daha çox müşahidə olunur. Belə hava durumunda paytaxt yollarındakı vəziyyət elə də xoşagələn olmur. Çünki bəzi sürücülər yol kənarında o qədər sürətlə hərəkət edirlər ki, gölməçələrdə yığılan yağış suları piyadaların üstünə sıçrayır.
Maraqlıdır, belə halların qarşısını almaq üçün sürücülərə hansı inzibati cəzalar tətbiq edilir? Belə hallarla üzləşən piyadalar hara müraciət etməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirdi ki, sürücülərin bu cür davranışı ilə bağlı inzibati məsuliyyət nəzərdə tutulub:
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 42-ci maddəsinin 1.5-ci bəndinə əsasən, bu sürücülər 40 manat məbləğində cərimələnir. Həmin vaxt su sıçrasa, gərək vətəndaş şikayət etsin və məsələ araşdırılsın, daha sonra isə protokollaşdırılsın. Bu problem bir az da sürücüyə məxsus olan mədəniyyət göstəricisidir. Gölməçələrdən keçən sürücülər gərək diqqətli olsunlar. Bu, bir az diqqət, mədəniyyət, mənəviyyat tələb edən məsələlərdir. İnsan gərək belə şeyləri nəzərə alsın”.
Polis mayoru qeyd etdi ki, ara-sıra bu halla bağlı DYP-yə şikayətlər edilir:
“Belə hadisə ilə rastlaşan piyadalar DYP-yə, ərazidəki yaxın polisə müraciət edə bilər. Bu barədə tez-tez olmasa da, ara-sıra müraciətlər alırıq”.
Nərmin VÜQARQIZI