Ağsuda Vətən müharibəsi şəhidi anıldı - FOTO

Oktyabrın 24-də 44 günlük Vətən Müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan Xüsusi Təyinatlı Qüvvələrin leytenantı Quluzadə Kamran Pərviz oğlunun anım günü Ağsu rayonunda qeyd edilib.
Redaktor.az-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və müharibə iştirakçıları, şəhidin yaxınları, şəhid ailələri və kənd sakinləri iştirak edib.
İlk öncə tədbir iştirakçıları Şəhidimizin Ağsu rayonu Gəgəli kənd qəbristanlığında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.
Tədbirdə çıxış edənlər şəhid şərəfli döyüş və ömür yolundan bəhs ediblər.
Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Kamran Quluzadə 1998-ci il avqustun 14-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Kamran Quluzadə oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Quluzadə Kamran Pərviz oğlu ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Tunar Altunbay





