"Özəl bağçalar dövlət bağçalarının böyük əksəriyyətini üstələyir" - Təhsil eksperti

 12:59 25.10.2022     501

“Azərbaycanda 1825 uşaq bağçası var. Bu, o deməkdir ki, 4 uşaqdan yalnız biri bağça ilə təmin olunur. Baxmayaraq ki, hər il dövlət yeni müəssisələrin inşasını bir nömrəli məsələyə çevirib”.

Bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc "Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu" mövzusunda keçirilən konfransda deyib.

Bəs, Azərbaycanda bağçaların sayı nə üçün bu qədər azdır?

Təhsil eksperti Elçin Əfəndi Redaktor.az-a bildirdi ki, əvvəlki dövrlə müqayisədə son 8-10 ildə cəmiyyətdə uşaqların bağça təhsili almasına maraq artıb.

“Bağçaların azlığının başlıca səbəbi odur ki, artıq son dövrlər onlara olan tələbat artıb və nəticədə belə bir sıxlıq yaranıb. Hazırda bağça istiqamətində təxminən 90-100 min nəfərə yaxın uşağın üz tutduğunu müşahidə edirik. Amma məktəbə hazırlıq qruplarına 120 minə yaxın şagird qeydiyyatdan keçir. Onlar birinci sinif yaşına çatana qədər təxminən 118-130 min arası şagird sayı müəyyənləşir.

Əgər Azərbaycan cəmiyyəti övladının özəl və ya dövlət bağçasında təhsil almasını istəyirsə, əlbəttə Elm və Təhsil Nazirliyi həm Bakı şəhəri, həm də regionlar üzrə dövlət bağçalarının sayını artırmalı, eyni zamanda imkan yaradılmalıdır ki, özəl müəssisələr də formalaşsın. Çünki özəl bağçalar indi də baxsaq, həm təhsil, həm infrastruktur, həm şagirdlərin qidalanması baxımından dövlət bağçalarının böyük əksəriyyətini üstələyir. Buna görə də, imkan yaratmalıyıq ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəyyən şəxslər də özəl bağçalar yarada bilsin. Bu halda bağça sayları artacaq və uşaq sıxlığının qarşısı alınacaq”.

Ekspert onu da vurğuladı ki, bağçaların sayı artarsa, qanunsuz şagird qeydiyyatının da qarşısı alınar:

“Bu gün tutaq ki, hər hansı bir vətəndaş Binəqədidə yaşayır və ərazidə bağça azlığı səbəbi ilə övladını qeydiyyata aldıra bilmir. Bu ildən etibarən elektron qeydiyyat aparıldı. Nəticə etibarılə valideyn informasiya texnologiyalarını bilməməsi və ya müvafiq qeydiyyatı apara bilməməsi səbəbi ilə gecikir və qeydiyyatdan keçə bilmir. Müvafiq olaraq da, ərazidə 2 və ya 3 dövlət bağçası varsa, bu o deməkdir ki, uşaq təhsildən kənarda qalır, baxmayaraq valideyn uşağının təhsil almasını istəyirdi. Nəticə etibarı ilə ərazidə 3 yox, təxminən 10-15 dövlət bağçası olarsa, bu zaman valideyn özünə yaxın olan bağçanı seçə bilər. Əgər dövlət bağçalarının sayını artırmaq istəyirlərsə, o zaman Dövlət Statistika Komitəsi ilə Elm və Təhsil Nazirliyi arasında anlaşma olmalıdır. Ərazi üzrə faktiki növbəti il məktəbəhazırlığa yaşı düşə bilən şagirdlərin sayı nəzərə alınaraq harada daha çox ehtiyac varsa, məhz həmin ərazilərdə bağça tikintisinə başlanılsın”.

E.Əfəndi onu da qeyd etdi ki, tədricən qeydiyyat sistemini təkmilləşdirib müvafiq olaraq məktəbəqədər təhsil müəssisələrinin özündə də məhz elektron qaydada qeydiyyat apara bilməyən ailələr üçün bağçalar bu xidməti təşkil etsin:

“Həmçinin Elm və Təhsil Nazirliyi və “ASAN” xidmət arasında bağlanan saziş əsasında “ASAN” xidmətin də təhsil istiqamətində müvafiq fəaliyyəti var. Yəni yaxınlaşıb burada da qeydiyyatdan keçmək olar”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən