"Qarabağdan doğan günəş: Xurşidbanu Natəvan" kitabı özbəkcə təqdim olundu - FOTO

 13:36 25.10.2022     484

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, iki ölkənin Mədəniyyət nazirlikləri, Azərbaycan Milli Məclisinin Mədəniyyət Komitəsi və Azərbaycanın Özbəkistandakı Səfirliyinin dəstəyi ilə keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Özbək dilinə tərcümə və nəşr olunmuş "Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan" adlı kitabının Özbəkistanda təqdimat və imza mərasimi keçirilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, millət vəkili Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin professor-müəllim heyəti, tələbələr, jurnalistlər iştirak ediblər.

İlk öncə qonaqlar İnstitutun nəzdində fəaliyyət göstərən “Repressiya qurbanları Muzeyi” ilə tanış olublar.

Qeyd edək ki, muzey kolleksiyasında 2000-ə yaxın eksponat, o cümlədən kitablar, orijinal arxiv sənədləri, repressiyaya məruz qalan həmvətənlərimizin məlumat və fotoşəkilləri və bir çox başqa eksponatlar əks olunub. Doqquz sərgi salonunda təqdim olunan materiallar tarixi, elmi, praktiki və mənəvi baxımdan unikaldır, eksponatlar isə ölkəmizin tarixinin təxminən 150 illik zaman kəsiyindən bəhs edir.

Sonra institutun konfrans zalında "Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan" kitabının təqdimatı başlandı.

Qeyd edək ki, millət vəkili Qənirə Paşayevanın həmmüəllifi olduğu "Qarabağdan doğan Günəş: Xurşidbanu Natəvan" adlı kitabda şairənin şeirləri əks olunub.

Giriş sözü ilə çıxış edən Nəvai Dövlət Pedaqoji İnstitutunun prorektoru İlham Nəsridinov qonaqları salamlayaraq, Özbək və Azərbaycan xalqlarının qardaşlıq münasibətlərinin tarixi haqqında danışmış, xalqlarımızın soykökləri, dili, dini, mədəniyyətinin yaxınlığı, dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlığın olduğunu qeyd edib.

O, ədəbi əlaqələrimizdən danışaraq, Azərbaycanın Qarabağ bölgəsinin tanınmış şairəsi olan Xurşidbanu Natəvana həsr olunmuş tədbirdə şairənin Özbək dilində şeirlər kitabının nəşrini yüksək qiymətləndirmiş, nəşrin Özbək oxuculara gözəl hədiyyə olduğunu bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov 2022-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa ili elan olunduğunu və bu münasibətlə Azərbaycanda, habelə dünyada çoxsaylı tədbirlərin, layihələrin reallaşdırıldığını qeyd edib. O, mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan mədəniyyətinə çoxsaylı şairlər, musiqiçilər, tanınmış şəxsiyyətlər bəxş etdiyini, burada şairlər məclislərinin, musiqi festivallarının  təşkil olunduğunu vurğulayıb. Samir Abbasov Vətən müharibəsi və 30 ilə yaxın Ermənistan işğalında qalan Şuşaya dəyən ziyan, şəhərin, habelə tarixi abidələrin dağıdılması barədə danışıb.

Pedaqoji İnstitutun tarix fakültəsinin dekanı, Repressiya qurbanları muzeyinin direktoru Xurşid Qurbanov Azərbaycanla Özbəkistan arasında tarixi əlaqələr, böyük ipək yolunun üzərində yerləşən xalqlarımızın dostluq və əməkdaşlığı haqqında danışaraq, Türk yurdu, Azərbaycanın qədim bölgəsi Qarabağın işğaldan azad edilməsi, Şuşanın Azərbaycan mədəniyyət paytaxtı elan edilməsini tarixi hadisə kimi dəyərləndirib.

Azərbaycan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarının işğal etməsi, işğal zamanı bölgədə bütün infrastrukturun məhv edilməsi ilə yanaşı, xalqımızın mədəniyyətinə, elminə də böyük zərbə vurulduğunu qeyd edib. O, Qarabağ xanının qızı Xurşidbanu Natəvan şəxsiyyəti, onun yaradıcılığı haqqında danışaraq, onun şairəlik, rəssamlıq  və xeyriyyəçilik fəaliyyəti haqqında fikirlərini bölüşüb. Qənirə Paşayeva bu il Azərbaycanda Qarabağın tanınmış şairəsi, xüsusi istedada malik  xan qızı  Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinin geniş qeyd olunduğunu qeyd edib və diktor Faiq Ələkbərli ilə birgə yazmış olduğu kitabın əhəmiyyətindən danışıb.

Şuşa şəhəri başda olmaqla, Qarabağın təkcə Azərbaycana deyil, bütövlükdə Türk dünyasına görkəmli şəxsiyyətlər bəxş etdiyini söyləyən komitə sədri, bu kitabın özbəkcəyə uyğunlaşdırılmasını və ilk təqdimatının da Özbəkistanda keçirilməsini  mühim  hadisə kimi qiymətləndirib, təşkilatçılara minnətdarlığını bildirib.

Sonda Qənirə Paşayeva həmmüəllifi olduğu "Qarabağdan doğan günəş: Xurşidbanu Natəvan" kitabının oxucular üçün imza mərasimi keçirilib.

Nəşrə maraq böyük olub, kitab özbək tələbələrə hədiyyə olunub.

T.İSMAYIL

2222222