Bakının bu küçəsində piyadalar üçün TƏHLÜKƏ

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində səkilərdə, hətta dar küçənin də bir qismində maşın saxlayaraq yolun daha da kiçilməsinə səbəb olan sürücülər var.
Mövcud vəziyyət piyadaların hərəkətində çox ciddi maneə yaradır. Səkilərdə maşınlarını park edən sürücülərin sayəsində piyadalar avtomobil yoluna keçirlər ki, bu da faktiki hava şəraitində ən yaxşı halda onların yanlarından keçən nəqliyyat vasitəsinin təkərlərindən çıxan palçıqlı su ilə islanmaları ilə nəticələnir. Pis halda isə maşın piyadanı vurur.
Adıgedən küçədəki problemlə bağlı Dövlət Yol Polisinə (DYP) dəfələrlə müraciət etsək də, məsələ öz həllini tapmayıb.
Mövzu ilə bağlı yenidən Bakı Şəhər Dövlət Yol Polisinin baş inspektoru, polis mayoru Araz Əsgərli ilə əlaqə saxladıq. Qurum sözçüsü bildirdi ki, yol polisinin qanunsuz parklanma ilə bağlı yalnız bir səlahiyyəti mövcuddur:
“Yol polisi dayanma-durma qaydasını pozan şəxslərlə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 146.1 maddəsinə uyğun olaraq səlahiyyətlərini həyata keçirir. Bu, Bakı şəhəri üzrə ən çox qeydə alınan qayda pozuntusudur.
Əhməd Rəcəblidə də gəlib çəkirlər, cərimə tətbiq olunur, sabah gəlib yenə eyni yerdə saxlayırlar. Bizim də başqa səlahiyyətimiz yoxdur. Ancaq protokol yaza bilərik. Nəzərdə tutulmayan ərazidə dayanmağın cəriməsi isə 20 manatdır”.
Nərmin VÜQARQIZI