Bakıda magistral su kəmərindəki qəza aradan qaldırıldı - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza aradan qaldırılıb.
Redaktor.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.
O qeyd edib ki, hazırda kəmərin su ilə doldurulması və qazılmış ərazidə yol yatağının bərpası işləri aparılır:
"Bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali normal qaydada içməli su ilə təmin olunub".
***
"Bakının Yasamal rayonunda magistral su kəmərində baş vermiş qəza nəticəsində ərazidə suçəkmə işləri iki saat ərzində yekunlaşa bilər".
Redaktor.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, polkovnik Rəşad Nəsirov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qəza səbəbindən ərazidə olan yaşayış binasının, təxminən, 1500 metrlik ərazisində bir metr dərinliyində su olub.
Nazirlik rəsmisi bildirib ki, hazırda suyun miqdarı 60 sm azalaraq 30 sm-ə enib.
O, obyektə nə qədər ziyan dəyməsi ilə bağlı dəqiq informasiyaya sahib olmadığını vurğulayıb: "Çünki hazırda suçəkmə işləri ilə məşğuluq. İki saat ərzində işlər yekunlaşa bilər".
R.Nəsirov bildirib ki, suçəkmə prosesinə FHN-in üç avtomobili və digər vasitələri cəlb olunub.