Regional əhəmiyyətə malik olan əməkdaşlıq

 12:19 27.10.2022     357

Hər bir ölkənin dünya düzənindəki yeri və rolu ilk növbədə həmin ölkənin xarici siyasətini səciyyələndirən amillər həmçinin beynəlxalq və regional qurumlardakı fəaliyyəti, ilə bağlıdır. Azərbaycan müstəqil xarici siyasət kursuna malik olan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınır. Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə yeni əməkdaşlıq formatlarının yaradılması və birgə səylərin göstərilməsi xüsusi yer tutur. Beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.

Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Məhz bu səbəbdən də, dövlətimizin xarici siyasət kursunun nəticələri beynəlxalq miqyasda təqdir olunur. Belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional miqyaslı və böyük strateji layihələrin reallaşdırılıması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məhz həyata keçirilən praqmatik xarici siyasətin pozitiv göstəricisidir. Bu gün Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Buna zəmin yaradan əsas siyasi-strateji faktorlardan biri Azərbaycanın qlobal tribuna rolunu oynayan beynəlxalq qurumlarda uğurla təmsil olunmasıdır.

Hər birimizə məlum olduğu kimi Prezident cənab İlham Əliyev oktyabr ayının 24-də Gürcüstana işgüzar səfərə yollanıb. Prezidentimizin Gürcüstana səfəri əlamətdar hadisələrlə yadda qaldı. Bu səfər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi, eyni zamanda, strateji əlaqələrin yeni mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəlməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycan və Gürcüstan arasındakı münasibətlər yüksələn xətlə inkişaf edir. Hər iki dövlət strateji tərəfdaşlıq mərhələsini geridə qoyaraq müttəfiqlik səviyyəsinə yüksəliblər. Bu münasibətlər faktiki olaraq hər iki tərəfin ortaq strateji maraqlarına söykənir. İcra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb. Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıbdır.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq bütün region üçün bir nümunədir. Bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün tərəflərdə böyük siyasi iradə və istək var. Bu reallıqlardan çıxış edərək, hər iki ölkənin bundan sonra da bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyi və daha böyük uğurlar qazanacağı heçkimdə şübhə doğurmur.

Altun Şeydayev

Vumart və Güvən reklamı Vumart Güvən