“Hər iki tərəf həddini aşıb” - Əflatun Amaşov

 13:18 27.10.2022     177

“Məsələ belədir ki, həmişə müsahibə götürəndə qarşı tərəfin əhval-ruhiyyəsi nəzərə alınır. Məsələn, bir dəfə sirkdə müəyyən texniki problem olmuşdu, nəticədə azyaşlı uşaq rəhmətə getmişdi. Jurnalistlərdən biri uşağın anasına yaxınlaşıb, mikrofonu onun dodaqlarına dirəyib, sual vermişdi ki, “siz bu barədə nə fikirləşirsiniz?” Ana həmin an bu barədə nə fikirləşə bilər? Əlbəttə, hər bir müqayisə qüsurludur. Qurultay gedir, ajiotaj var, seçim olacaq və s. Belə bir məqamda görək Çingiz müəllimin əhval-ruhiyyəsi yerindədirmi? İçində məsuliyyət var. Narahatlığı da olur ki, necə nəticələnək. Belə halda Çingiz Abdullayevin “5 min filan şeyə xərcləmişik, 50 min nəyə xərcləmişik” deməyə vaxtı da, imkanı da yoxdur. Jurnalist sual verirsə, sualın tonundan da çox şey asılıdır. Bir var, ittihamedici sual ola, bir də var, müraciət edəsən ki, “xərclənən büdcəni mənə verəsiniz”. Büdcə də Çingiz müəllimin cibində deyil ki, desin “al”. Yəni jurnalistin o sualı verməsi üçün vaxt, məkan düzgün seçilməmişdi”.

Redaktor.az xəbər verir ki, bu sözləri "pravda.az"-a Mətbuat Şurasının sabiq sədri, təşkilatın İdarə Heyətinin üzvü Əflatun Amaşov Azərbaycan Yazıçılar Birliyinin qurultayında Xalq yazıçısı Çingiz Abdullayevlə jurnalist arasında yaranan qalmaqal barəsində danışarkən deyib.

“Lakin məsuliyyətli, cavabdeh bir insan məkandan, vaxtdan asılı olmayaraq, gərək etik çərçivədən kənara çıxmasın, kifayət qədər sərbəst, açıq-aydın şəkildə o sualı cavablandırsın. Əlbəttə, iradını da bildirə bilər. Çingiz müəllim deyə bilərdi ki, gəlib sənədlərlə tanış ola bilərsiniz. Görünür ki, hər iki tərəf müəyyən həddi aşıb. Fransızların bir sözü var, 19 yaşlı jurnalist də uzun on illiklər boyu təcrübə qazanmış siyasətçinin kürəyini çox asanlıqla yerə vura bilər. Əgər əlinə mikrofon almısansa, kimdənsə müsahibə götürürsənsə, artıq sən jurnalistsən. İndiyəcən görmüsünüz ki, “jurnalist 17 yaşında, yaxud 25 yaşında” desinlər? Artıq siz hansısa saytı, qəzeti təmsil edirsiniz”, - o deyib.

Ə.Amaşov Çingiz Abdullayevin jurnalistlə mübahisəsi zamanı Azərbaycan sözlərini düzgün tələffüz etmədiyinə görə tənqid olunmasına isə belə münasibət bildirib: “Çingiz müəllim rus dilində oxuyub, rusdillidir. O, çox güman, ingilis dilini də, başqa dilləri də bilir. Çingiz müəllimi Azərbaycan dilini niyə düzgün bilmədiyinə görə ittiham etmək... Bu, artıq ondan asılı deyil. Dili duymaq, həmin dildə düşünmək olmasa, o dili sərbəst danışmaq, yəqin ki, çətin olar. Bu, yəqin, onun günahı deyil. Rusdilli olub. Eyni zamanda dil götürmək qabiliyyəti insanlarda müxtəlif cürdür. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının tam əksəriyyəti rusdilli idi. Lakin onların ürəkləri tamam başqa idi, Azərbaycanla, Vətən üçün döyünürdü. Dilə görə kimisə ittiham etməyi düzgün saymıram”.