"Qaz və işıq limiti aradan götürülsün" - Deputat: "Bizi qabaqda iki aylıq çətin zaman gözləyir"
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə edirik. Ekspertlərin fikrincə, Rusiya-Ukrayna müharibəsinin təsirləri ölkəmizdən də yan keçməyib.
Bəs, bahalaşmanın artdığı bir zamanda əhalinin yaşam standartlarını yaxşılaşdırmaq üçün hansı addımlar atıla bilər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Razi Nurullayev bildirdi ki, bu gün bahalaşma elə səviyyəyə çatıb ki, hətta imkanı olanları, yaxşı dolanışığı olanları da narahat etməyə başlayıb.
“Çünki bahalıq elə bir məsələdir ki, hər kəsin qapısını döyür. Bu, bir bəladır, dərddir, bir xəstəlik kimidir və hər kəs də artıq özünün ailə büdcəsində bunu hiss etməyə başlayıb. Amma mən bəri başdan deyim ki, bahalaşmanın qarşısını almaq mümkün görünmür. Çünki o bahalaşma artıq bütün dünyada gedir. Bütün ölkələrdə bahalaşmaya qarşı insanlar küçələrə çıxırlar, tələb edirlər əmək haqları artırılsın, qiymətlər aşağı salınsın, güzəştlər olunsun və sairə.
Belə bir məqamda təbii ki, ən varlı ölkələr belə bahalaşmanı o dərəcədə hiss edirlər ki, o varlı ölkələrin varlı vətəndaşları etiraz edir ki, biz bu bahaçılıqda dolana bilmirik, qiymətlər aşağı salınsın. Qiymətlərin də birdən-birə bu qədər bahalaşması Rusiya-Ukrayna müharibəsinə görə oldu. Enerji daşıyıcılarının qiymətləri qalxdı. Bununla ərzaq məhsullarının da, istehsal olunan məhsulların da qiymətləri qalxmağa başladı”,- o dedi.
Razi Nurullayev qeyd etdi ki, bahalaşmadan çıxış yolu kimi bizə lazım olan məhsulların gömrük rüsumları ləğv olunmalı, ya da aşağı salınmalıdır:
“Bununla bağlı həqiqəti deyək ki, hökumət müəyyən addımlar atır. Azərbaycana lazım olan məhsulların rüsumu aşağı salınıb. Bəzilərində ümumiyyətlə ləğv olunub. Bu alqışlanası haldır. Amma bu da bahaçılığın azalmasına kömək etmir. Belə bir vəziyyətdə insanların qazancını artırmaq lazımdır. Həmişə dediyim kimi, insanların qazancın artırmaq üçün də büdcədə müəyyən dəyişikliklər edilməlidir. Büdcə artımı baş verməlidir. Hələ gələn ilin yanvarından bu artım nəzərdə tutulur. Həm pensiyalara, həm digər müavinətlərə. Haradasa bizi qabaqda iki aylıq çətin zaman gözləyir.
Mən istiyərdim ki, indi bizim büdcəmizin imkan verdiyi dərəcədə bu artım gözə görünən olsun. Heç olmasa insanların o bahaçılıqdan çəkdiyi əziyyətin müəyyən hissəsini qarşılamağa kömək edə bilsin”.
Deputat onu da qeyd etdi ki, əlavə addımlar kimi rəqabətli iş yerlərinin yaradılması çox vacibdir.
“Qarabağda yüz minlərlə iş yerləri açılacaq. O prosesin sürətləndirilməsinə də minalar maneçilik edir və birdə ki, müəyyən maliyyə mənbələrinin və layihələrin təsdiqlənməsi zaman aparır. Mən belə başa düşürəm ki, bizi qabaqda iki aylıq çətin zaman gözləyir, amma yeni ildən ola bilsin ki, o artım nəticəsində, Qarabağda yeni iş yerlərinin açılması nəticəsində hər ailənin bir üzvi işləyərsə, müəyyən gəlir imkanları çoxalacaq.
Hesab edirəm ki, dövlət büdcəsinin imkan verdiyi təqdirdə bu gün bizdə bu imkanlar var, çünki qazın və neftin qiyməti bahadır. Müəyyən sosial paketlər qəbul olunmalıdır. Ümumiyyətlə, hər bir vətəndaş üçün, xüsusən, ehtiyacı olan ailələr, həssas qruplar, sonra isə bütün vətəndaşlar üçün müəyyən bir sosial paket olmalıdır ki, onlar o bahaçılıqdan çox da əziyyət çəkməsinlər. Yaxud müəyyən enerji daşıyıcılarıyla bağlı, tutaq ki, qaz limiti məsələsinə yenidən baxılmalıdır. Qış zamanı bu qazın limitinə görə insanların birmənalı olaraq əmək haqlarının yarısını aparacaq. İnsanlara kömək o olar ki, limit aradan götürülsün. Heç olmazsa, onun fərqi də “Azəriqaz”a dövlət büdcəsi tərəfindən ödənilsin. Yəni bunu müvəqqəti tədbir kimi vətəndaşların adına həyata keçirmək olar. Elektrik enerjisinin qiymətlərində müəyyən bir fərq yaratmaq olar ki, o da ən azından müəyyən qruplar üçün dövlət büdcəsi hesabına ödənilsin”, - deyə Razi Nurullayev bildirdi.
Nərmin VÜQARQIZI












