Şəhid Şaiq Cavadzadənin anım günü keçirildi - FOTO

44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri olan şəhid Cavadzadə Şaiq Faiq oğlunun anım günü Ağsu rayonunda qeyd edildi.
Redaktor.az xəbər verir ki, tədbirdə YAP Ağsu rayon təşkilatının, Ağsu rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları, şəhidin yaxınları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları şəhid Cavadzadə Şaiq Faiq oğlunun Şəhidlər Xiyabanında yerləşən məzarını ziyarət edib, önünə gül dəstələri düzərək, ruhuna dualar oxudular. Daha sonra çıxış edənlər şəhid Şaiq Cavadzadənin keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs ediblər.
Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Cavadzadə Şaiq Faiq oğlu oğlu 28.11.1995-ci ildə Ağsu rayonunun Ülgüc kəndində anadan olub. 2014-cü ildə hərbi xidmətini başa vurub. Azərbaycan Ordusunun əsgəri olan Şaiq Cavadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şaiq Cavadzadə 27 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Şaiq Cavadzadə ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Tunar Altunbay



