Deputatdan Xalq yazıçısına ETİRAZ: "Jurnalistlərə qarşı bu cür davranış doğru deyil"

 17:18 28.10.2022     654

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayev Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayında ona Qurultay üçün ayrılan 203 min manatın hara xərclənməsi barədə sual verən jurnalisti təhqir edib.

“Utanmırsan, ölmürsən, bu sualı mənə verirsən?!”,- deyə yazıçı jurnalisti təhqir edərək cavab verib.

Məsələ sosial mediada və mətbuatda geniş müzakirələrə səbəb olub. Xalq yazıçısının bu cavabı bir sıra şəxslərin, o cümlədən jurnalistlərin qəzəblənməsi ilə nəticələnib. Bəziləri yazıçının tərəfini saxlayarkən, çoxları Çingiz Abdullayevin üzr istəyəcəyini gözləyib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru, deputat Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanda bir sıra peşələr var ki, onlar mənəvi dəyərləri istehsal edən vasitələrdir.

“Yəni ədəbiyyat da, jurnalistika da, daha çox mənəviyyat, xüsusən, bədii yaradıcılıq hadisəsidir. Mənəvi və etik dəyərlərin qorunması hər şeydən öncə bu dəyəri istehsal edən şəxslər tərəfindən baş tutmalıdır. Yəni cəmiyyətdə ümimi, ictimai nüfuz qazanan, hamının tanıdığı şəxslırin ictimaiyyət qarşısında məsuliyyəti həm də yaxşı mənada nümunə olmaqdır. Buna görə də, jurnalistlərə qarşı bu cür davranış doğru və məqbul hesab edilə bilməz. Yəni bu, doğru bir münasibət deyil. Çünki jurnalistlər Azərbaycanın informasiya cəbhəsinin əsgərləridir, vətənimizin əlində qələm tutan keşikçiləridir. Onlara bütün cəmiyyətin təbəqələrinin münasibəti məhz bu cür - qələm əsgərlərinə münasibət kimi olmalıdır”,- deyə deputat qeyd etdi.

Hikmət Babaoğlu əlavə etdi ki, əgər bir yanlışlıq varsa, bunu düzəltmək öncəliklə ziyalıların borcudur:

“Hər hansı bir yanlış olursa, hər şeydən öncə ziyalıların borcudur ki, o yanlışı düzəldəcək və ictimai zədələnməni aradan qaldıracaq addım atsınlar, bunu daha da kəskinləşdirməsinlər. Bu səbəblə mən düşünürəm ki, yanlışı edənlərin, bir də yanlışı düzəltmək şansları var və hər bir şəxs bundan istifadə etməlidir”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən