Özbəkistanın “MY5” telekanalında Şuşa və Füzuli ilə bağlı veriliş yayımlandı

 12:38 31.10.2022     318

Azərbaycanın Özbəkistandakı Səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Daşkənddəki “Mening Yurtim 5” telekanalının “Xush ko'rdik” verilişinin jurnalistlərinin Azərbaycana, işğaldan azad olunmuş bölgələrə Mediaturu təşkil edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, Mediatur paytaxt Bakı ilə yanaşı, Azərbaycanın erməni işğalından azad olunan Şuşa, Füzuli, Zəngilan, Ağdam rayonları və Gəncə şəhərlərinə təşkil olunub.

Jurnalist Manuchehr Qalandarzodanin aparıcılığı ilə verilişdə Qarabağda 8 ay müddətində tikilən ilk hava limanı Füzuli Beynəlxalq Hava Limanı, haqqında məlumat verilir, onun istənilən tip hava gəmisini qəbul etmək imkanları, uçuş-enmə zolağı, müasir infrastrukturla təchiz olunan terminalı haqqında geniş məlumat öz əksini tapır.

Bildirilib ki, Füzuli şəhəri, işğal olunmuş digər Azərbaycan rayonları kimi 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin nəzarətində olmuş və Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuşdur. Azərbaycan və Özbəkistanın qardaşlıq münasibətlərini qeyd edən aparıcı Manuchehr Qalandarzoda  Özbəkistanın Qarabağın bərpasında təşəbbüsü və azad edilmiş Füzuli şəhərində məktəb tikmək qərarı haqqında fikirlərini bölüşür.

Hazırlanan proqramda Azərbaycanın musiqi və poeziya beşiyi, "Qafqazın Konservatoriyası" – Azərbaycan mədəniyyətinin  paytaxtı Şuşa şəhəri haqqında məlumat verib. Bildirilib ki, şəhər 1751-ci ildə Pənahəli xan tərəfindən Qarabağ xanlığını qorumaq üçün qala kimi yaradılıb və əvvəlcə şəhərə qurucusunun şərəfinə Pənahabad adı verilib, sonra isə Şuşa adlandırılıb.

Aparıcı vurğulayıb ki, 30 ilə yaxın Ermənistan işğalı altında qalan  Şuşa şəhərinin bir çox binaları, o cümlədən məşhur tarixi memarlıq abidələrini dağıdıblar.

Verilişdə Azərbaycanda Vətən müharibəsində həlak olmuş əsgərlərin xatirəsinin rəmzi kimi qəbul edilmiş, həmçinin Azərbaycan Ordusunun qələbəsinin rəmzi kimi tanınan “Xarıbülbül” çiçəyi formasında olan simvoldan danışılıb.

Aparıcı M. Qalandarzadə XVIII əsrdə yaşamış Azərbaycan şairi və dövlət xadimi, Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifin məqbərəsini də ziyarət edib, bu binanın Şuşa şəhərinin Ermənistan silahlı birləşmələri tərəfindən tutulmasından sonra ciddi ziyan gördüyünü, yalnız divarlarının qaldığını qeyd edib. O, şəhər azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən Vaqifin Muzey-Məqbərə kompleksinin bərpa edildiyini vurğulayıb.

Hazırlanan verilişdə XVIII əsrə aid tarixi-memarlıq abidəsi - Azərbaycan şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın ikimərtəbəli evi, şairə haqqında məlumatlar da öz əksini tapıb.

Şuşa haqqında hazırlanmış veriliş Cıdır düzünün kənarında başa çatıb, burada aparıcı böyük özbək hökmdarı və sərkərdəsi Əmir Temurun sevimli istirahət yerinin Azərbaycanın Qarabağ bölgəsi olduğunu və Qarabağın Türk torpağı olduğunu söyləyib.

T.İSMAYIL

222222