"Azərsu" Masazırda suyun fasilələrlə verilməsinə aydınlıq gətirdi - AÇIQLAMA

Abşeron rayon, Masazır qəsəbəsinin sakinləri bir müdüdətdir əraziyə normal su verilməməsindən şikayət edirlər.
Problem ilə bağlı Redaktor.az-a qəsəbə sakinləri müraciət ediblər. Sakin Məksudə Cabbarova deyir ki, on gündən artıqdır ki, qəsəbəyə suyun verilməsi saatla həyata keçirilir:
“On gündən çox olar ki, su axşam saat 20:00-dan səhər 07:00-a, bəzən də 08:00-a kimi suyun verilməsi dayandırılır. İstər bizdə, istər qonşuda hamı axşam 7-8 arası evə yığışır, həmin ərəfədə də sular kəsilir. Nə düz əməlli iş görə bilirik, nə də işdən gələndə rahatlanıb duş ala bilirik”.
Şikayətlə əlaqədar “Azərsu”ya müraciət etdik. Qurumun sözçüsü Neyman Səfərəliyev hazırda qəsəbə ərazisində belə bir problemin yaşandığını təsdiq etdi.
“Texniki səbəblərdən dolayı Masazır qəsəbəsinə suyun verilməsi qrafik rejimdə həyata keçirilir. Hazırkı infrastruktur qrafik rejimdə təchizata imkan verir”,- deyə o, qeyd etdi.
Nərmin VÜQARQIZI