Rusiyanın "Taxıl sazişi"ndən çıxması Azərbaycana necə təsir göstərəcək? - Vahid Əhmədovdan AÇIQLAMA

 11:04 02.11.2022     368

Xəbər verildiyi kimi, Rusiya Ukrayna ilə imzalanmış “Taxıl sazişi”ndə iştirakını dayandırıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, bu qərar Rusiyanın Qara dəniz donanmasına və mülki gəmilərinə qarşı bu gün Ukraynanın həyata keçirdiyi hücuma görə atılıb”.

Rusiyanın bu qərarının dünyanın bir çox ölkələrində ərzaq qıtlığına, aclığa gətirib çıxaracağı barədə fikirlər səsləndirilir.

Bəs, Rusiyanın taxıl sazişinin icrasını dayandırması Azərbaycana necə təsir göstərəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, bu barədə Birləşmiş Millətlər Təşkilatında yəqin ki dinləmələr keçiriləcək, ondan sonra müəyyən qərarlar olacaq.

“Amma iddia edirlər ki, gəmilərdən Rusiya ərazisinə PUA-lar atılır. Bunlar tamamən yalan informasiyalardır. İstəyirlər ki, dünya ərzaq bazarında problem yaratsınlar. Hesab edirəm ki, buna o qədər də imkan verməyəcəklər. Əlbəttə, ərzaq, taxıl bazarında qiymətlərə müəyyən təsir göstərə bilər, çünki taxılın qiyməti get-gedə bahalaşır və Ukrayna da kifayət qədər də taxıl ixrac edən dövlətlərdən biridir. Ümumiyyətlə, dünyada ərzaq bahalaşması gedir, bunun qarşısını almaq da çox çətindir”,-deyə millət vəkili əlavə etdi.

Deputat qeyd etdi ki, sazişin dayandırılması Azərbaycan üçün elə də ciddi problemlər yaratmır:

“Çünki Azərbaycan çox ciddi addımlar atır. İşğaldan azad edilmiş ərazilərdə 50 min hektar sahədə taxıl əkilib və cənab prezident taxıl istehsalı ilə əlaqədar xüsusi sərəncam imzalayıb. Bir də dövlət büdcəsindən 180 milyon əlavə vəsait ayrılıb ki, hər bir rayonda boş torpaqlarda taxıl əkilsin. Digər tərəfdən də bizim kifayət qədər valyuta ehtiyatlarımız var. İstənilən bölgədən Azərbaycan taxıl alıb gətirə bilər. Qiymət problemi ola bilər, amma inanmıram ki, Azərbaycanda taxıl çatışmazlığı olsun”.

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən