Özbəkistanda Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul keçirildi - FOTO

 12:19 04.11.2022     176

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdində Heydər Əliyev adında Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddəki “Hyatt Regency” otelində Zəfər Günü münasibəti ilə qəbul keçirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən Redaktor.az-a verilən məlumata görə, qəbulda Özbəkistan Ali Məclisi sədrinin müavini Əlişer Kadırov, dövlət və hökümət nümayəndələri, nazirlər, Özbəkistanda akkreditə olunan ölkələrin səfirləri, diplomatları, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.

Əvvəl iştirakçılar Zəfər Günü ilə bağlı foyedə təşkil olunan "44 gün: qəhrəmanlıq, zəfər və azadlıq" adlı foto sərgi ilə tanış olublar.  

Sərgidə fotoşəkillərdə Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi nəticəsində torpaqlarımızı azad etməsi, Prezident İlham Əliyevin zəfər tvitləri, azad olunan ərazilərdə erməni vandallığının izi, habelə dövlətimiz tərəfindən aparılan quruculuq işləri öz əksini tapıb.

Qeyd edək ki, hər iki ölkənin dövlət himnləri səsləndirilən tədbirə Özbəkistanda maraq böyük olub.

Giriş sözü ilə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tədbir iştirakçılarını Zəfər günü münasibəti ilə təbrik edib, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti haqqında məlumat verib.

Səfir təcavüz nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin 30 ilə yaxın Ermənistan Silahlı birləşmələri tərəfindən işğal altında saxlanıldığını, 20 min azərbaycanlının həyatlarını itirdiyini və bir milyon insanımızın öz yurdlarından qaçqın və məcburi köçgün olduğunu qeyd edib.

Hüseyn Quliyev BMT-nın Təhlükəsizlik Şurasının erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasına dair 4 qətnamənin olmasına baxmayaraq, Ermənistan bu tələbləri yerinə yetirməmiş, Azərbaycanla sərhəddə, neft, qaz və vacib kommunikasiya xətlərinin keçdiyi Tovuz rayonuna hücum etdiyini bildirib.

Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük zəfər qazandığını qeyd edən Səfir nəticədə torpaqlarımızın işğaldan azad edildiyini bildirib.

Diplomat Vətən müharibəsi zamanı qardaş ölkələrin dəstəyi, Özbəkistanın Azərbaycana mənəvi dəstəyinə görə təşəkkürünü bildirib.  Hüseyn Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə hər il 8 noyabr tarixinin Azərbaycanda Zəfər günü kimi qeyd olunduğunu vurğulayıb.

Tədbirdə Azərbaycan Milli Məclisinin Komitə sədri, Azərbaycan-Özbəkistan Dostluq Qrupunun rəhbəri Eldar İbrahimov çıxış edərək 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyəti, Vətən torpaqlarının azad olunması, haqq ədalətin bərpası, azad olunan torpaqlarda bərpa-yenidənqurma işlərinin həyata keçirilməsinə dair məruzə ilə çıxış edib.

Eldar İbrahimov Vətən müharibəsində ədalətin yanında olan, Azərbaycanı dəstəkləyən bütün dövlətlərə, o cümlədən mənəvi dəstək göstərən Özbək xalqına, dövlətinə təşəkkürünü bildirib.

Qeyd edək ki, tədbir zamanı Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan Ermənistanın Azərbaycana təcavüzü, işğal edilən torpaqlarımızda həyata keçirilən vandalizm, Vətən torpaqlarının azad edilməsi və orada həyata keçirilən tədbirlər, geniş quruculuq işlərinə dair videomaterial nümayiş etdirilib.

İştirakçılar Zəfər Günü münasibətilə Azərbaycan milli yeməklərinə və şirniyyatlarına qonaq ediliblər.

T.İSMAYIL

2222222222