Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır

 12:29 04.11.2022     512

Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təsis olunduğu vaxtdan etibarən dünya miqyasında sülh və ədalət naminə həyata keçirdiyi tədbirlər nəticəsində beynəlxalq arenada mühüm mövqeyə çatmışdır. Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci ən böyük təsisatdır. Hərəkat müxtəlif regionları əhatə edərək müxtəlif tarixə, siyasətə və mədəniyyətə malik olan 120 ölkəni birləşdirir. Qoşulmama Hərəkatının təməlində Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri dayanır.

Azərbaycan 2011-ci ildə sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Azərbaycan Qoşulmama Hərəkatına üzv olandan indiyə qədər daim yeni təşəbbüslərlə çıxış edən ölkə olmuş və Hərəkatın ən aktiv üzvlərindən bir olmağı qısa müddət ərzində bacarmışdır. Artıq Azərbaycanın gücü və potensialı dünya birliyi tərəfindən etiraf olunur. Qısa müddətdə Azərbaycan hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanıb. 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi.

Ölkəmizin Qoşulmama Hərəkatına qazandırdığı nailiyyətlərin əhəmiyyətli qismi bu qurumun institusional inkişafı ilə bağlıdır. Hərəkatın Parlament Şəbəkəsininvə Hərəkatın Gənclər Şəbəkəsinin yaradılması da bura aiddir. Parlament şəbəkəsi təkcə bu Hərəkatdakı ölkələr arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx əməkdaşlıq münasibətləri quracaq.

2022-ci il iyun ayının 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, bilavasitə Azərbaycanın hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür. Dünyanın 120 ölkəsi bununla Azərbaycan Prezidenti İlham Əliyevin liderliyinə ən yüksək qiymət verdiklərini nümayiş etdirmiş oldular. Hər dövlətə bu cür etimad göstərilmir. Azərbaycan bu etimadı, bu yüksək münasibəti öz təşəbbüskarlığı, özünün fəaliyyəti ilə qazanıb.

Azərbaycanın amalı regionda və dünyada əbədi sülhə, rifaha, davamlı inkişafa nail olmaqdır. Ədalətsizliklərin, ikili standartların norma kimi qəbul olunduğu, güclünün haqlı sayıldığı dünyada insan xoşbəxt ola bilməz. İnsanın xoşbəxtliyinin açarı hüququn aliliyində, fərdlərin, xalqların və ölkələrin bir-birinə hörmətlə yanaşmasında, nəcib niyyətlər uğrunda birgə fəaliyyətdədir. Ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyəti də bu işıqlı hədəfə yönəlib.

Altun Şeydayev,

YAP Ağsu rayon təşkilatının sədr müavini

Vumart və Güvən reklamı Vumart Güvən