Baş nazir yeni güzəştlərlə bağlı qərar İMZALADI

 20:00 05.11.2022     251

Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə edilən dəyişikliyə görə, bəzi mal qruplarında idxal gömrük rüsumları ilə bağlı bəzi güzəştlərin müddəti uzadılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Ölkəyə idxal olunan metal səthlərinin aşındırılması üçün preparatlar; aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün metaldan və digər materiallardan ibarət olan tozlar və pastalar, poladlardan məftil ( silisiummanqanlı poladdan) 2027-ci ilin sentyabrın 30-dək gömrük rüsumundan azad edilir. Hazırda 5 %-lik rüsum tətbiq olunur.

Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı üçün istifadə olunan opdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorların idxalına tətbiq olunan güzəşt müddəti 2022-ci ilin dekabrın 31-dən 2024-cü ilin dekabrın 31-dək uzadılır.

2024-cü ilin dekabrın 31-dək insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxalı gömrük rüsumundan azad edilir, həcmi 2 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxal üçün 0,02 ABŞ dolları (1 ədədi üçün), həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan üçün - 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digərləri üçün - 0,04 ABŞ dolları gömrük rüsumu nəzərdə tutulub.

Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.