Şuşanın azad olunmasından 2 il ötdü - VİDEO

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.
"ŞUŞA" ƏMƏLİYYATI
Vətən müharibəsinin gedişində unikal əməliyyatlardan biri — Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaq. Qarabağın tacı, döyünən ürəyi Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi. Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi.
Azərbaycan ordusunun bölmələri oktyabrın ortalarında uğurlu əməliyyat nəticəsində Hadrut qəsəbəsi və ətraf kəndləri işğalçılardan azad etmişdilər. Onlar daha sonra şimala doğru irəliləyərək meşələri və dağ keçidlərini aşıb, Şuşa rayonuna daxil olmuşdur.
Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada davam etməli idi. Azərbaycan Prezidenti İlham Əliyev daha sonra bunu təkrar vurğulayaraq Azərbaycan əsgərlərinin Şuşa şəhərinə çatmaq üçün yarğanları, meşələri və dağları keçdiklərini qeyd etmişdir. Erməni komandanlığı Azərbaycan qoşunlarına Qırmızı Bazar ətrafında müqavimət göstərməyi hesablamışdı, oradan Şuşakəndə yol gedir, sonra isə həmin yol Şuşaya qalxır. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın istiqaməti idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görülməmiş qərar verir. Şuşaya sıx Qarabağ meşələrindən istiqamət götürülür.
Azərbaycan qoşunları Çanaqçı kəndini işğaldan azad etmiş, ardından da noyabrın 4-də strateji Şuşa-Laçın yolunun bir hissəsinin nəzarətini ələ keçirmişdir.
Noyabrın 6-da yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuş və şəhərdə dərhal döyüşlər başlamışdır. Yüzlərlə itki verən erməni silahlıları günortadan sonra şəhərdən tam çıxarılmışdır. Şəhərə nəzarəti yenidən bərpa etmək məqsədi ilə ermənilərin Şuşaya hücum cəhdləri boşa çıxmış, Azərbaycan ordusunun ciddi müqaviməti nəticəsində erməni silahlıları geri oturdulmuşdu. Noyabrın 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş İsgəndər-M ballistik raketləri atılsa da, bu döyüşün taleyini dəyişə bilməmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa zəfəri, əslində, müharibənin taleyini həll etdi. Ertəsi gün daha 70-dən çox kəndin azad olunması xəbəri gəldi və bundan bir gün sonra Ermənistanın Baş naziri Azərbaycan Prezidentinin şərtlərini qəbul edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan azad edildi.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsinin taleyində həlledici gün məhz 2020-ci il noyabrın 8-i oldu. Şuşa şəhərinin işğalçılardan azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə çox ciddi təsir göstərdi və Azərbaycanın hərb meydanında olduğu kimi diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərinin işğalçılardan azad edilməsindən artıq 1 il keçir. Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 16-da, 44 günlük Vətən müharibəsinin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.
2020-ci il noyabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində bütün dünyaya bəyan etdi:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.