Strasburqda Zəfər Günü qeyd olunub

 16:15 09.11.2022     211

Strasburqda 8 Noyabr – Zəfər Günü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Azərbaycan icması nümayəndələrinin və yerli ictimaiyyət təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsində canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycan xalqının qonşu ölkənin ərazi iddiaları və təcavüzü nəticəsində 30 ilə yaxın müddətdə üzləşdiyi haqsızlıq və iztirabla heç vaxt barışmadığını, 2020-ci ildə Azərbaycanı tarixi Zəfərə aparan 44 günlük Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsi olduğunu bildirib. O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti, xalqımızın sarsılmaz birliyi sayəsində torpaqlarımızın işğalına və ədalətsizliyə son qoyulduğunu xatırladıb, Azərbaycan bayrağının işğaldan azad olunmuş bütün şəhər və rayonlarımızda daim qürurla dalğalanacağını vurğulayıb.  

Tədbirdə iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev həmvətənlərimizi Zəfər Günü münasibətilə təbrik edib, Azərbaycan diasporunun 44 günlük Vətən müharibəsi dövründə və ondan əvvəl Azərbaycanın haqlı səsinin dünyanın fərqli nöqtələrində eşidilməsində önəmli rol oynadığını bildirib. O, Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu il Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının – Zəfər Qurultayının keçirilməsinin tarixi bir hadisə olduğunu vurğulayıb, şanlı Zəfərdən sonra Azərbaycan diasporunun qarşısında yeni məqsədlər dayandığını və xaricdə yaşan azərbaycanlıların fəaliyyətinin öz nəticələrini verdiyini diqqətə çatdırıb.

Sonra 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunan videoçarxlar nümayiş etdirilib.

Zəfər Gününə həsr edilən tədbir VII "Muğam" televiziya müsabiqəsinin mükafatçısı, gənc xanəndə Rəvan Qaçayev və Azərbaycandan gələn digər musiqi ustalarının ifasında rəngarəng musiqi proqramı ilə davam edib.