"Çətinlik çəkirik" - Deputatlar seçicilərin əsas problemlərini açıqladılar - SORĞU

 12:27 15.11.2022     1785

Milli Məclisin deputatlarının əsas vəzifələrindən biri də seçicilərinin problemlərini dinləmək, mümkün olduqca məsələni həll etməyə çalışmaqdır.

Maraqlıdır, görəsən, seçicilər millət vəkillərinə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

Redaktor.az-ın əməkdaşı bu suala cavab tapmaq niyyəti ilə bir sıra deputatlarla əlaqə saxlayıb.

79 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayev dedi ki, vətəndaşların böyük bir qisminin müraciəti iş problemi ilə bağlıdır:  

“Seçicilərimin demək olar ki, 50 faizi işə düzəlmə ilə bağlı müraciət edir, iş istəyir, 30 faizi pensiya və müavinətlərinin bərpa olunması ilə, 20 faizi də müəyyən məhkəmələrlə - mübahisəli torpaq məsələləri və digər buna bənzər problemlərlə bağlı olur. Əsasən, hər kəs işlə təmin olunmaq istəyir”.

124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov bildirdi ki, torpaqlarımız işğaldan azad edildikdən sonra müraciətlərin məzmunu dəyişib:

“Hazırda problemlərin əvvəlkilərə nisbətən istiqaməti dəyişib. Torpaqlarımızın işğaldan azad olunması ilə bağlı məsələn, artıq Şuşadan olan seçicilərimiz mənzil problemi ilə bağlı müraciət etmirlər, çünki bu torpaqlar azaddır və yaxın vaxtlarda Şuşa əhalisi öz yurd-yuvasına qayıdacaq. Amma Xocalı sakinlərinin bu gün də mənzil problemləri qalmaqda davam edir. Eyni zamanda, Qarabağ müharibələrində şəhid olanların ailələri, qazilərimiz, müharibə əlillərimiz var. Onların da müəyyən qədər mənzil problemi var. “Qaçqınkom” bizim sorğularımıza belə cavab verir ki, torpaqlar işğaldan azad olub və hər kəs doğma yurd-yuvasına qayıdacaq və orada mənzil ilə təmin olunacaq. Ancaq çox təəssüf ki, Xocalı hələ ki ermənilərin nəzarəti altındadır. Bu gün ən aktual məsələlərdən biri də iş məsələsidir. Bu, çox ciddi və narahat edici məsələdir. Bu yöndə çoxsaylı sorğular var”.

51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamov qeyd etdi ki, ən çox problem rayonlarda iş yerlərinin olmaması ilə bağlıdır:

“Seçicilərimizlə görüşlərimiz olur. Onların şikayətlərinin tərkibi son illərdə bir qədər dəyişib. Əvvəllər şikayətlər ən çox yol məsələsi ilə bağlı olurdusa, artıq bu məsələlər öz həllini tapıb. İndi seçicilərin şəxsi məsələləri çox ortaya çıxır.  Daha çox müraciətlər işsizlik, rayonlarda iş təminatı ilə bağlıdır. Bu məsələnin həll edilməsində bir az çətinlik çəkirik. Çünki rayonlarda müəssisələrin açılmasına ehtiyac var. Emal müəssisələrinin açılması vacibdir. Belə yerlərin açılması yüzlərlə yeni iş yerləri yaranması deməkdir. Digər bir məsələ də kəndlərin qazlaşdırılması ilə bağlıdır. Çox təəssüf ki, mənim təmsil etdiyim dairənin cəmi 48 faizi qaz ilə təmin olunub. 52 faizinə isə hələ də qaz çəkilməyib. Hətta elə kəndlər var ki, rayonun lap yaxınlığındadır, amma qaz çəkilmir. Elə kəndlər də var ki, içindən magistral xətlər keçir və qazlaşdırma aparılmır. Belə məsələlər təbii ki, seçiciləri, o cümlədən onları narahat edən bir deputat kimi məni də çox narahat edir. Müəyyən qurumlar qarşısında bu məsələni dəfələrlə qaldırmışıq və yenə də qaldıracayıq”.

94 saylı Bərdə kənd seçki dairəsinin deputatı Zahid Oruc isə söylədi ki, rayon ərazisində ən çox problem su ilə bağlıdır:

“Onların müraciətləri müxtəlifdir. Amma son illər ərzində Bərdə rayonunda istər içməli, istərsə də irriqasiya xarakterli su problemi vətəndaşlarımız tərəfindən daha çox qaldırılır. Məktəblərlə bağlı məsələ yenə də aktuallıq kəsb edir. Çünki bildiyiniz kimi ümumiyyətlə Bərdə 140 mindən artıq əhalisi olan və əraziyə görə geniş olan bölgədir. Biz burada dövlətimiz tərəfindən uzun illər ərzində sayı 30-a qədər olan yeni məktəblərin təqdimatlarında iştirak etmişik. Bunlar həm məktəblilər, həm cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb, amma məsələ hələ də bizi narahat edən səviyyədə qalmaqdadır. Bir çox məktəblər ömrünü başa vurub və tamamilə yenilənməsinə ehtiyac var. Yol ilə bağlı problemlər insanlarımız tərəfindən ardıcıl şəkildə irəliyə sürülür. Bu da bir neçə dəfə proqramlarda əksini tapmışdır. Məsələn, qazla təminat 100 faizdir. Eyni zamanda işsizliklə bağlı məsələlər insanlarımızı narahat edir. Daha çox investisiyaların bölgələrə yönəldilməsi, istehsalat sahələrinin orada açılması, eləcə də bir sıra hallarda başqa xarakterli, yəni sosial təminat məsələləri, onların güzəranı, ünvanlı yardım ehtiyacları, əlillik təyinatları da söylədiyimiz silsilə problemlərin içərisindədir”.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bildirdi ki, bu gün vətəndaşların müraciəti bir neçə məsələ ilə bağlıdır:

“Ən çox vətəndaşların sorğuları işğaldan azad olunan rayonlara getməsi üçün şəraitin yaradılması ilə bağlıdır. Yəni bizim kimi deputatlara həddən artıq müraciətlər olur ki, azad olunan kəndimizə, yurdumuza gedək, ziyarət edək. İkinci ən çox müraciət pensiya və təqaüdlərlə, onların kəsilməsi ilə bağlıdır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələyə baxır, təhlil edir, bəzi vətəndaşların təqaüdləri dayandırılıb. Digər bir müraciət də maddi yardımlarla bağlıdır. Yəni bu təkcə seçicilər yox, vətəndaşların əksəriyyəti çətin durumda olanda, müxtəlif bölgələrdən bizə müraciət edirlər. Ən çox müraciətlərdən biri də işlə bağlıdır. Tez-tez bu barədə müraciətlər alırıq. Digər məsələ də qaçqın və köçkünlərə aid spesifik xüsusiyyətlərdən biri də mənzil ilə təmin olunma məsələsidir. Qələbədən sonra evlərin verilməsi dayandırılıb, amma vətəndaşlar bu yöndə müraciətlər edirlər”.

21 saylı Nəsimi birinci seçki dairəsinin deputatı Məlahət İbrahimqızı isə qeyd etdi ki, seçicilər daha çox məşğulluq problemi ilə bağlı müraciət edirlər:

“Ən çox problem işsizlikdir. Digər ən çox müraciət olunan məsələ isə səhiyyə ilə bağlıdır”.

52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov isə dedi ki, şəhid, qazi ailələrinə diqqət və qayğının göstərilməsi qəbul zamanı qaldırılan əsas məsələlərdən biridir:

"Həmçinin  torpaq mübahisələri, əlilliyin müəyyən edilməsi üçün həkim komissiyalarının rəyinin dəqiq olmaması, işsizlik, pensiyaların təyini, bank-kredit problemləri, yığılan meyvə məhsullarının satışı və emalı sahəsində yaranan problemlər, məhkəmə qərarlarının icrası zamanı baş verən qanun pozuntuları, ailə-məişət problemləri, maddi yardım kimi problemlər deputatla qəbul zamanı qaldırılan məsələlərin əsasını təşkil edir".

Nərmin VÜQARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən