Konstitusiyamız - Dövlətimizin Qanun sütunu - Fəzail İbrahimli yazır

 12:40 11.11.2022     467

Tarixi və məsuliyyətli günlər yaşayırıq. Gözümüzün qarşısınds Azərbaycan Respublikası öz gücü və qüdrəti ilə sanki yenidən doğulur. Tarixin ən ağır dönəmlərində belə istiqlalı və hürriyyəti uğrunda mübarizədən vaz keçməyən xalqımız layiq olduğu zirvəni fəth edir. Bir zamanlar işğal və faciələr tarixlərini qeyd edən bizlər indi qələbə və sevinc tarixlərimizin ildönümlərini bayram edirik. Noyabr ayının ardıcıl bayram tarixlərinin də təqvimdə sanki zərurətdən yaranmış qəribə təsadüfi düzülüşü var: 8 noyabr – Zəfər Günü, 9 noyabr – Dövlət Bayraq Günü, 10 noyabr – düşmənin kapitulyasiya sənədinə imza atdığı gün, 12 noyabr – Konstitusiya Günü.

Zəfər Gününün ikinci ildönümündə Ali Baş Komandanın Şuşada qəhrəman ordumuz qarşısında etdiyi çıxış, bu çıxışda verdiyi mesajlar sözün həqiqi mənasında dövlətimizin güc təntənəsi idi. Vətən Müharibəsinin qürurlu xranologiyası ilə bərabər, müharibədən sonrakı durum və gələcək hədəfləri özündə əks etdirən bu çıxışda Azərbaycanın haqq yolunun qarşısında duran bütün qüvvələrə qəti və sərt xəbərdarlıq edildi. Prezidentin Zəfər günü hərbçilər qarşısında göstərdiyi qətiyyətli mövqe həm bir gün sonrakı Dövlət Bayraq Günündə üçrəngli milli simvolumuzun əbədi olaraq başımız üzərində qürurla dalğalanacağına, həm də suverenliyimizə qarşı olan bütün işğalçı qüvvələrin 10 noyabrda olduğu kimi kaputilyasiyaya məhkum olacağına ümummilli inamın ifadəsi idi. Bu inam tək reginda deyil, həm də beynəlxalq müstəvidə öz gücü və nüfuzu ilə milli maraqlarını təmin etmək imkanında olan dövlətin qüdrətindən yaranır. O dövlətin ki, müstəqilliyini elan etdikdən sonra məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman ölkədə hökm sürən ictimai-siyasi qeyri-sabitlik, xaos və anarxiya, vətəndaş qarşıdurması astanasını müstəqilliyimizin və dövləıtçiliyimizin formal xarakter almasına gətirib çıxarmışdı. Məhz belə bir çətin məqamda, ümummilli lider Heydər Əliyevin hakimiyyətə xalqın təkidli tələbi ilə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Məhz onun xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməsi və yüksək dövlət idarəçilik bacarığı sayəsində, ilk növbədə, dövlət idarəçiliyinin bütün sahələrinin mütərəqqi standartlara uyğunlaşdırılmasına, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı davamlı demokratik islahatların həyata keçirilməsinə başlandı. Ölkədə ictimai-siyasi sabitlik bərqərar olunandan sonra, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunçuluq və hüquq qaydası bərpa edildi. Bütün bunlar isə Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şəraitin yaradılması ilə nəticələndi. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Müasir dövrümüzdə Azərbaycan Respublikasının konstitusion dövlət kimi təşəkkül tapması, ölkədə ictimai-siyasi proseslərlə müşayiət olunan tarixi şərait bu müstəvidə fəaliyyət göstərən görkəmli siyasi liderlərin dinamik mübarizə xətti ilə bağlıdır. Konstitusiya mövcud dövlətin bütöv hüquq sisteminin özəyi kimi çıxış edən, ölkə vətəndaşlarının əksəriyyətinin maraq dairəsində olan ictimai həyatı və əsas dövlət qurumlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi aktdır.

Konstitusiyaların keyfiyyətləri onun yüksək hüquqi qüvvəyə malik olması və hüquq sisteminin fundamental mənbəyi kimi çıxış etməsidir. Əvvəla, konstitusiya normaları digər normalara münasibətdə prioritet mövqedən çıxış edir. İkincisi, qanunlar və digər qanun qüvvəli aktlar konstitusiyada müəyyən edilən qayda və prosedura uyğun qəbul edilməlidir. Məlum olduğu kimi, konstitusiya dövlətin əsas qanunu olması etibarilə mövcud dövlətin və dövlətçilik ənənələrinin formalaşmasında ən ümumi ictimai münasibətlər kompleksini, ictimai quruluşun əsaslarını, şəxsiyyətin hüquqi statusunu, dövlət hakimiyyət orqanlarının sistemini, yerli özünüidarəetmə strukturlarını və hüquqi mexanizmləri tənzimləyən normativ-hüquqi akt və ya prinsiplərin modifikasiyasıdır.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Bu baxımdan bu gün qürurla yaşadığımız tarixi zəfərlərimizin əsası həm də dövlətin təməl şərti olan Konstitusiyanın qəbuluna bağlıdır. Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bu gün Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaradıb. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdən sonra beynəlxalq hüququn prinsip və tələbləri yerinə yetirilib və işğaldan azad edilmiş ərazilərdə Konstitusiyanın hüquqi qüvvəsi təmin olunub. Bu gün Azərbaycan Konstitusiyası arxasında dövlət gücü duran və bayrağımızla yüksələn And Yerimizə çevrilib.

Fəzail İbrahimli,

Milli Məclis sədrinin müavini