Deputat: “Bunu kimə qadağan edə bilərik ki?” – Rəşad Dağlı cinayəti
Məşhur meyxanaçı Rəşad Dağlının qonşusunu 14 bıçaq zərbəsi ilə qətlə yetirməsi mətbuatda və sosial mediada geniş müzakirələrə səbəb olub.
Ortalıqda xüsusi qəddarlıqla törədilən ağır cinayət olmasına baxmayaraq müzakirə iştirakçılarının böyük əksəriyyəti onu müdafiə edir.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən hüquqşünas Sahib Məmmədov söylədi ki, motivindən asılı olmayaraq, qətl hadisəsi törədilib.
“O, istənilən halda təqib olunmalıdır. Başqa məsələdir, ekspertiza müəyyən edə bilər ki, hadisə yüksək ruhi həyəcan vəziyyətində baş verib, yaxud da, son zərurət idi... Cinayətin də növləri var, xüsusi amansızlıqla yerinə yetirilən və s...
Bütün bunlar istintaq zamanı qiymətləndiriləcək. Amma fakt bundan ibarətdir ki, cinayət baş veribsə cəzasını almalıdır. Şəxsin barəsində məhkəmənin qüvvəyə minmiş hökmü olmadan onu "cinayətkar" adlandırmaq, təqsirli hesab etmək olmaz. Bunu məhkəmə müəyyən etməlidir. Amma ümumi baş verən hadisə cinayət əməli, qətl hadisəsidir. Bu da Cinayət Məcəlləsi ilə təqib olunmalıdır”,-deyə o qeyd etdi.
Hüquqşünas qeyd etdi ki, cəmiyyətdə böyük fanat kütləsinə malik şəxslərin törətdikləri əmələ baxmayaraq, müdafiə edilməsi olduqca normaldır:
“Dünyada da bu belədir. Məsələn hansısa məşhur idmançı və ya müğənni cinayət əməli törətdikdə onunla bağlı kampaniyalar olur. Kimlərinsə kumiri olan şəxslər hansısa əməli törədəndə fanatları onları müdafiə edir. Bu da normaldır. Amma hər bir halda ortadakı cinayət cəmiyyətdəki sosial möveqeyindən asılı olmayaraq hər hansı şəxs tərəfindən törədilibsə, təbii ki, onun cavabı da olmalıdır. Bu, qaçınılmaz haldır”.
Milli Məclisin deputatı Aqil Abbas isə bildirdi ki, meyxanaçının istedadına, narkotikə qarşı mübarizə apardığına görə tərəfini saxlayanlar var.
“Təbii ki, Rəşad Dağlı cinayət törədib və onun da öz dünyası var. Cinayət edib, boynuna da alıb. Cəzasını çəkməyə hazırdır ki, edib də. Mən nə deyə bilərəm ki? İndi insanlardır da, çox istəyir tərəfini saxlayır. Bunu kimə qadağan edə bilərik ki? Kimə nə deyə bilərik ki? Hüquq var, qanun var. Hüquqla cəzasını alacaq, özü də gedib polisə təslim olub. Etdiyi cinayəti özü bilir. Ancaq adamlara demək olmaz ki, onun tərəfini niyə saxlayırsınız?”,- deyə deputat əlavə etdi.
Nərmin VÜQARQIZI












