Metrodakı sıxlığın səbəbi nədir?
Bir müddətdir, metrodan istifadə edən hər kəs qatarlarda sıxlığın artmasından, hərəkətin mümkün olmamasından şikayətlənir. Hətta vəziyyət o yerə gəlib çıxıb ki, qatarda vəziyyəti pisləşənlər də olur.
Bütün bunlara baxmayaraq, hər gün minlərlə insan yeraltı nəqliyyat vasitəsindən istifadə edir.
Maraqlıdır, metroda yaşanan sıxlıqların qarşısını almaq üçün çıxış yolu nədir?
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Redaktor.az-a bildirdi ki, texniki cəhətdən intervallar ilə bağlı ən maksimal və mümkün olan tədbirlər görülüb.
“Bu gün metropoliten xətlərində insanların çox olduğu saatlarda mümkün olan ən minimal interval tətbiq olunur. Həzi Aslanov - 28 May xəttində qatarların hərəkəti pik saatlarda 2 dəqiqəlik interval ilə tənzimlənir. Ən böyük problem odur ki, hazırda yaşıl və qırmızı xətlər 28 May stansiyasında nəinki kəsişir, hətta birləşir. Nəticədə 28 Maydan sonrakı stansiyalarda dediyimiz o 2 dəqiqəlik intervalı təmin etmək olmur. Çünki xətt iki hissəyə bölünür. Bunun tənzimlənməsi göründüyü kimi texniki cəhətdən qeyri-mümkündür.
Digər məsələ isə ehtiyat qatarların xəttə buraxılmasıdır. Metropolitenin fəaliyyəti monitorinqlər üzərində qurulur. Hər gün monitorinqlər davam etdirilir. Nəticədə insanların çox olduğu saatlar öyrənilir və ehtiyat qatarlar xəttə çıxarılır. Metropolitenin yaşıl, qırmızı xətt stansiyaları 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Bu səbəblə qatarlarda vaqon sayının artırılması hazırda mümkün deyil”, - deyə qurum rəsmisi qeyd etdi.
Nərmin VÜQARQIZI












