Multikulturalizm inkişafın perspektivi kimi
İndi mədəniyyətin nə olduğu, onun mahiyyətinin nədən ibarət olduğu bəşər aləmində cərəyan edən çoxmüxtəlifli proseslər fonunda dolaşıq müzakirə mövzusuna çevrilib. Lakin buna baxmayaraq yenə də mədəniyyət – bizim əxz edib gələcək nəsillərə ötürdüyümüz insani bilik, inam və davranış tərzlərinin məcmusu kimi qalmaqdadır. Mədəniyyət müəyyən, xarakterik bir bilik səviyyəsini təklif edir və buna görə də cəmiyyətin bilik, bacarıq, norma və dəyərlərini mənimsəmək prosesidir.
İnsan öz mahiyyəti ilə daha ali bir varlıqdır və onun həyatdakı missiyasını, baş tələbatını iqtisadi amillərlə ödəmək mümkün deyil. İqtisadi amillər yalnız və yalnız köməkçi vasitələrdir. Qədim dövrdən indiyədək müdriklərin insanlığa təlqin etdiyi fikrin mərkəzində elə bu ideyalar dayanır. İstər mifoloji sistem, istər bütün dinlər, böyük ədəbi, sənət əsərləri, ciddi fəlsəfi nəzəriyyələr insanlığı bu ideyalara səsləyir.
Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olub. Bu fikri ölkəmizə gələn əcnəbilər də zaman-zaman etiraf edib və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nümunələrinə heyran olublar.
Müstəqillik qazandıqdan sonra Azərbaycan mədəniyyətinin inkişaf istiqamətləri zənginləşmiş və çoxşaxəli olmuşdur. Belə ki, son illərdə mədəniyyətimizdə həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya edilməsində böyük işlər görülmüş və bu sahədə respublikamızda bir çox dövlət proqramları hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. Son illər hazırlanmış bir sıra proqramlarda mədəniyyət sahəsində dövlət siyasətinin strateji istiqamətləri öz ifadəsini tapıb.
İnsan inanan, düşünən və təsir edən bir varlıq olduğu üçün bütün mədəniyyətlərin əsasında bir inanc, düşüncə və hərəkət sistemi var. Burada maddi mədəniyyətlə mənəvi mədəniyyətin bir-birinə olan münasibətləri diqqət çəkir. Bu iki mədəniyyət növü bir-birinə təsir edir. Maddi mədəniyyət bir cəmiyyətin istifadə etdiyi mətbəx əşyaları, geyim əşyaları, hər cür alət, texniki vasitələr, cihazlar və zavodlardır. Mənəvi mədəniyyət isə bir cəmiyyətin dili, ədəbiyyatı, incəsənəti, elmi, fəlsəfəsi, xalq inancları və adət-ənənələri, əxlaq qaydaları, normaları, toy ənənələri, yemək formaları və s. Bu iki mədəniyyət arasında da mühüm əlaqələr mövcuddur.
Mənəvi mədəniyyətin ən başda və ən əhəmiyyətli ünsürü dildir. Çünki dil başqa mədəniyyət tərkiblərinin hamısını əhatə edir və eyni zamanda onların yeni nəsillərə və əsrimizdən əsrlərlə sonraya çatdırır. Həmçinin, dilini itirən bir cəmiyyət milli kimliyini itirir, bu baxımdan multikultural dəyərlərin qorunub-saxlanılması bu gün olduğu kimi, sabah da aktual məsələlərdən biridir.
Hər bir mədəniyyət həm də bir dinə əsaslanır. Ümumiyyətlə, elmsiz və dinsiz bir mədəniyyət yoxdur. Çin mədəniyyəti konfutsiçilik və buddizmə; hind mədəniyyəti brahmanizm və induizmə; Yunan-Roma mədəniyyəti politeizmə; Avropa mədəniyyəti xristianlığa; müsəlman mədəniyyəti islama borcludur.
Əxlaq da mədəniyyətin ən mühüm amillərindən biridir. Öz milli əxlaq və adətlərini rədd etmək, gənclik çağında onların nisbi olduğunu “kəşf’ etməyimiz, düşüncələrimizin hələ yetişmədiyini göstərir.
Müstəqillik əldə etmiş, öz xarici və daxili siyasətini öz milli mənafelərinə, ümumxalq mənafeyinə uyğun olaraq qurmaq imkanı qazanmış xalq, birinci növbədə öz dilinin, milli mədəniyyətinin, adət-ənənələrinin inkişaf etməsinə - özünə qayıtmasına çalışır. İlk növbədə dövlətçiliyi möhkəmləndirmədən, xarici dövlətlərlə münasibətləri ümumbəşəri dəyərlər və beynəlxalq qaydalar əsasında nizamlayaraq dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmadan, yeni iqtisadi əlaqələrə keçmək yolunu müəyyən etmədən, hər şeydən öncə milli mədəniyyəti, dili və s. inkişaf etdirmək mövqeyi güclü tərəqqi üçün təməl ola bilməz. Özünü spesifik, fərqləndirici əlamətlərlə təsdiq etmək, özünü başqa millətlərə qarşı qoymaq və onlardan üstün olduğunu isbata yetirmək addımları ziyanlı nəticələrə gətirib çıxara bilər. Həm də başqa xalqların buna münasibəti, beynəlxalq siyasət mülahizələri baxımından deyil, yüksək dərəcədə daxili siyasətin ahəngdarlığı, insani dəyərlərin düzgün səviyyədə qiymətləndirilməsi və istifadə olunması baxımından millətçilik meyllərinin ön plana keçməsi yolverilməz bir haldır. Fərqli xüsusiyyətləri, milli cəhətləri də möhkəm bünövrə üzərində, ümumbəşəri dayaqlara bağlanaraq inkişaf etdirmək olar.
Fərqli dinləri, mədəniyyətləri özündə cəmləşdirən məhz multikulturalizm anlayışıdır. Multikulturalizm nisbətən yeni və siyasi bir anlayışdır. XX əsrin ikinci yarısında Qərb ölkələrinə gedən miqrasiyalar səbəbindən yaranan mədəni icmalar da, bu çoxmədəniyyətlilik siyasəti içində mübahisə edilməyə başlamışdır. Konseptual səviyyədə multikulturalizm fərqliliyin bir fakt kimi qəbul edildiyi bir yanaşma tərzi olaraq ortaya çıxmışdır. Fərqliliklərlə qeyd edən multikulturalizm siyasəti XX əsrdə inkişaf edən ideya cərəyanları bəzi paralelliklər göstərməkdədir. Xüsusən forma və məna məsələsində müxtəlif dünyagörüşü mübahisənin ən başlıca mövzusunu təşkil edir. Məzmunun çoxlu olması da bir mədəniyyətin, ya da qrupun özünü tanıması ilə əlaqəli olaraq fərqliliklərə ideoloji bir əsas yaradır. İdealizmə və səbəb-nəticəyə zidd olaraq inkişaf etdirilən məna, çoxluğun əsasında yer alır. Ancaq bu çoxluq hər hansı bir kökə bağlanmayan çoxluq olaraq diqqət çəkir. Bu halı ilə də multikulturalizm, çoxluqlar arasındakı münasibətdə olduğu kimi fərqliliklər üzərindən də özünə bir varlıq sahəsi taparaq görünür.
Multikultural bir cəmiyyəti iki və ya daha çox sayda mədəni toplumun eyni bölgədə yerləşdiyi cəmiyyət olaraq xarakterizə edə bilərik. Qloballaşmanın, sürətli kommunikasiya və nəqliyyatın yaratdığı imkanlar vasitəsilə dünya üzərində artıq demək olar ki, qapalı çərçivədə yaşayan insanların qalmadığı müşahidə edilir, bu baxımdan da bütün insan toplumlarının zaman getdikcə daha multikultural olması qaçınılmaz bir faktdır.
İnsanların keçmişdə və müasir dövrdə yaratdıqları mədəniyyət milli kimliklərdə fərqli anlamda təzahür edir. Bu anlayış çərçivəsində eyni məkan üzərində yaşayan, birgə həyat və inanca sahib olan insanlar müxtəlif düşüncə sisteminə sahib olur və müxtəlif mədəni dəyərləri müdafiə edirlər. Hər bir insan qrupu özünü digərlərindən ayıran mədəniyyət nümunələrini zaman keçdikcə inkişaf etdirir. Bu mədəniyyət nümunələri eyni zamanda cəmiyyətin topladığı və bir araya gətirdiyi irsin hamisidir. Eyni məkanda yerləşən və ümumi irsin tərkib hissələrini təşkil edən mozaikanın hər bir hissəsi mədəniyyət anlayışına zənginlik qatmış və multikulturalizm anlayışını doğurub.
Həm ölkəmizdə, həm də dünyada çoxmədəniyyətliliyə münasibətin fərqli baxışları var və bu baxımdan multikulturalizmin mübahisəli bir anlayış olduğu qəbul edilir. Sosioloji bir fakt kimi mürəkkəb bir quruluşa sahib olan multikulturalizm müxtəlif irq, etnik mənşə, sinif, cinsiyyət, dil, dəyər, inanc sistemi, təcrübə və cinsi seçim çərçivəsində ələ alınmışdır. Multikulturalizm parçalanmanı deyil, inteqrasiyanı təmin etmədə əhəmiyyətli bir faktor kimi çıxış edir, multikulturalizmdə əsas məqsəd mədəni zənginlik yaratmaqdır.
Bəzi tədqiqatçılara görə isə multikulturalizm nə sadəcə siyasi bir doktrina, nə də bir fəlsəfi nəzəriyyədir, multikulturalizm yalnız perspektivdir. Multikulturalizmin təzahürünün üç forması vardır: Birincisi, insan mədəni həyat və sosial əlaqələrin çərçivəsində ona mədəni milli kimlik tanıdan bir dünyada böyüyür. Bu heç də insanın milli mədəniyyətlə müəyyən olunduğu mənasına gəlmir, amma dərindən formalaşdığı mənasını daşıyır, ikincisi, müxtəlif milli mədəniyyətlər fərqli məna sistemlərini özlərində təmsil edirlər. Bir sıra kulturoloqların nöqteyi-nəzərincə, heç bir mədəniyyət mükəmməl deyil və bu baxımdan digər mədəniyyətlər üzərində özünü təlqinetmə hüququna malik deyildir. Hər bir mədəniyyət məhdud olduğundan bir-biri ilə qarşılıqlı əlaqədə faydalı bir səmtdə inkişaf edəcəkdir. Üçüncüsü, mədəniyyətlər şüurlu və yaxud da şüursuz olaraq digərləri ilə qarşılıqlı təsir şəraitində inkişaf edir. Hər üç münasibəti fərqli mədəniyyətlərə malik insanların qarşılıqlı olaraq bir-biri ilə əlaqədə olduqları qənaətinə gəlir və hər üç yanaşma da bir cəmiyyətin yekcins olmadığı üzərində birləşir.
Ümumiyyətlə, mədəniyyət dəlillərin, dəyərlərin, inancların, şəxsiyyətlərin və cəmiyyətlərin birgə təcrübələri nəticəsində yaranan mühüm hadisələrin nəsillər boyu köçürülməsidir. Multikulturalizm isə dil, din, irq, cinsiyyət, yaş, sosial sinfi, etnik mənşə və digər mədəni dəyərlərin fərqində olmaqdır. Çoxmədəniyyətli cəmiyyətdə olan fərqlərə, digər dinlərə, inanclara və mədəniyyətlərə hörmətlə yanaşmaq lazımdır. Sadəcə hörmət etmək, mədəni müxtəlifliklərə tolerant gözlə baxmaq kifayət deyil, mühüm olan siyasi olaraq onları tanımaq, plüralizmin meydana gəlməsinə də imkan vermək lazımdır. Məhz bunlara imkan verdiyimiz zaman cəmiyyət içərisində sülh mühitini daha uğurla təmin etmək olar. Eyni coğrafi mühitdə eyni dildə danışan insanlar fərqli mədəniyyətlərə də malik ola bilərlər. Beləliklə, din, dil və mədəniyyət bir dövləti və ya cəmiyyəti birləşdirdiyi kimi, müxtəlifliklərin səbəbi də ola bilir.
Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Respublikamızın ərazisində yaşayan etnosların öz mili mədəniyyətlərini azad və sərbəst bir şəkildə ifadə etməsi xalqımızın multikultural ənənələrinə sadiq olmasına bariz nümunədir. Ən qədim zamanlardan müasir dövrə qədər Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tanınır. Bura Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazidir.
Yaxşı, bəs niyə məhz Azərbaycan? Buna misal olaraq əlverişli coğrafi şəraiti və zəngin təbiəti bu ərazinin müxtəlif etnosların geniş yaşayış məskəninə çevrilməsinə səbəb olaraq göstərə bilərik. Milli mədəniyyətlərin assimilyasiya olunmadan öz varlığını qoruması da xalqımızın multikultural ənənələrə sadiq olmasına bariz nümunədir.
Mədəni topluluqların kökündə humanist ideyalar və ya dünyəvi ideyalar yatan mədəniyyətlər nəzərdə tutulur. Ölkəmizdə tarixən müxtəlif mədəniyyətlərin mövcudluğu danılmaz bir faktdır, ancaq xalqımızın tolerant, mehriban və anlayışlı olması nöqteyi-nəzərindən bu etnik və dini müxtəliflik zəmnində heç bir ciddi münaqişə baş verməmişdir. Multikulturalizmin əsas məqsədi mədəniyyətlərin plüralizmi və ya çoxluğudur.
Beləliklə, multikulturalizm bir cəmiyyət içərisində mədəniyyətlərin müxtəlifliyindən bəhs edir. “Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində də öz əksini tapıb. UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli “Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya”ya uyğun olaraq son illərdə bir çox ölkələr getdikcə daha çox multikultural və tolerant bir vəziyyətə gəlmişdir və bu hal daha da artaraq davam edir. Bizim ölkəmiz də bu axından geri qalmayıb. Çoxmədəniyyətli cəmiyyətlərdə əsas mədəniyyətin təsirində yaşayan fərqli mədəni qrupların öz mədəniyyət və tarixini öyrənmələrinə imkan yaranmışdır. Multikulturalizmin əsas bir prinsipi də monolitliyə, monotonluq və mədəni formaların standartlaşdırmasına qarşı olmasıdır. Multikulturalizm aparıcı etnosun mədəniyyəti içərisində yaşayan digər mədəniyyətlərin özünü fərqləndirici xüsusiyyətlərinin üzə çıxarılmasına imkan verir, onları qoruyur, ifadə edilməsinə imkanlar təmin edir.
Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndəlləri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur.
Məqalə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Uğur” Gənclərin Maarifləndirilməsi İB-nin həyata keçirdiyi "Gənclər arasında azərbaycançılıq ideyasının və multikultural dəyərlərin təbliği” layihəsi çərçivəsində hazırlanıb.












